Motsartın “Rekviyem”i şəhidlərin xatirəsinə səsləndi
Qanlı Yanvar faciəsi – tariximizə hüzn və qürur günü kimi yazılan 20 Yanvarın ildönümü ölkəmizin mədəniyyət ocaqlarında müxtəlif tədbirlərlə qeyd edildi, tamaşalar, filmlər nümayiş olundu, sərgilər təşkil edildi.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yanvarın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Yanvarın 29-cu ildönümünə həsr olunan xatirə tədbiri keçirildi.
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov, nazirliyin kollektivi, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Hüzn və qürur gününə həsr olunmuş musiqi axşamında görkəmli Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın “Rekviyem” əsəri şəhidlərin xatirəsinə səsləndi.
Əsəri Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova), solistlər – əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Əliəhməd İbrahimov, Anton Ferştandt ifa etdilər.
FARİZ