20 Yanvarın ildönümü müxtəlif ölkələrdə qeyd edilib
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvarın ildönümü bu il də ölkəmizin hüdudlarından kənarda geniş şəkildə qeyd edilib. Müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərimizin, diaspor təşkilatlarımızın təşəbbüsü ilə anım mərasimləri, sərgilər, musiqi axşamları keçirilib.
* * *
“Azərbaycan xalqı şəhidlərini heç zaman unutmayacaq. Bu, çox dəhşətli, təsəvvüredilməz hadisə idi... Çünki dövlət öz vətəndaşlarını tank altında qoyursa, bu, o deməkdir ki, bu cür dövlətdə yaşamaq olmaz! Yəqin bu səbəbdən də çox keçmədən Sovet İttifaqı dağıldı”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu fikirləri ölkəmizin Moskvadakı səfirliyində “Qara Yanvar”ın 29-cu ildönümünə həsr edilmiş tədbirdə səsləndirib.
Səfir eyni zamanda diqqətə çatdırıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt Sovet İttifaqının totalitar rejimi dövründə baş verənləri bugünkü demokratik Rusiya ilə eyniləşdirmir. Baxmayaraq ki, məsələni bu istiqamətə yönəltmək istəyənlər var.
Polad Bülbüloğlu Bakıda baş verən qanlı hadisələrin ertəsi günü, yanvarın 21-də Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasətçi Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycan səfirliyinin indiki binasına (o vaxt burada Azərbaycan SSR-nin Moskvadakı daimi nümayəndəliyi yerləşirdi – red.) gələrək baş verən hadisələrə özünün qəti etirazını bildirməsindən danışıb. Səfir deyib: “O vaxt Sovet İttifaqında ali rəhbərliyin ünvanına kiminsə bir kəlmə belə deməyə cürəti çatmırdı. Bunu ilk dəfə Heydər Əliyev məhz bu binada etdi. Buna görə də biz bu barelyefi qurmuşuq və bu, Azərbaycan liderinin həmin cəsarətli addımını bizə xatırladır”.
1990-cı ilin 20 yanvarı suveren Azərbaycanın tarixində əsas günlərdən biridir.
Bu fikri rusiyalı politoloq, publisist Qriqori Trofimçuk bildirib. Politoloq 1990-cı ilin 20 yanvar hadisələrinin Azərbaycanın gələcək tarixində əhəmiyyətini qeyd edərək deyib: “Mən özümün “Əlifba: Azərbaycanı kəşf edərkən” adlı kitabımda yazmışam ki, Mixail Qorbaçov Azərbaycan üçün ikinci Hitlerdir. Mən bu kitab üzərində işləməyə başlamazdan əvvəl Şəhidlər xiyabanını ziyarət etmişəm, əlimi şəhidlərin başdaşılarına sürtmüşəm. Məndə elə bir hiss var idi ki, sanki onlar o günlərin faciəli enerjisini özlərində saxlayırlar”.
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev vurğulayıb ki, həmin gecə Bakıda həlak olanlar müxtəlif millətlərin nümayəndələri, Sovet İttifaqının vətəndaşları idilər: “Onlar həmin gecə eyni amalla ədalətsizliyə qarşı etiraz etmək üçün çıxmışdılar. Əfsuslar olsun ki, bu dəhşətli fakta, SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun əməllərinə lazımi qiymət verilməyib”.
Çıxışlardan sonra mərasim iştirakçıları səfirlik binasındakı 20 Yanvar şəhidlərinin xatirə barelyefi önünə qərənfillər düzüblər.
* * *
Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümü münasibətilə Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığında Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarları ziyarət edilib. Müstəqilliyimizin ilk nümayəndələrinin qəbirləri üzərinə əklil qoyulub.
Səfir Rəhman Mustafayev və UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimov Qanlı Yanvarın ildönümündə Cümhuriyyət qurucularının qəbirlərinin ziyarət edilməsinin rəmzi məna daşıdığını bildiriblər. Qeyd edilib ki, 20 Yanvar qəhrəmanları 100 il öncə əsası qoyulan müstəqilliyimizi bərpa etmək uğrunda həlak olublar.
* * *
Vyanada fəaliyyət göstərən “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin qərargahında anım tədbiri keçirilib. Ölkəmizin Avstriyadakı səfirliyi ilə birgə təşkil olunan tədbirdə Azərbaycan və türk diasporlarının fəalları, yerli ictimaiyyətin nümayəndələri və tələbələr iştirak ediblər.
Səfir Qalib İsrafilov 20 Yanvar hadisələrinin tarixi barədə danışıb. Faciəyə həsr olunmuş sənədli film nümayiş olunub, şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.
Azərbaycan səfirliyi Avstriya Mətbuat Agentliyi vasitəsilə Qanlı Yanvar hadisələri ilə bağlı bəyanat yayıb.
* * *
Belçikanın Ham şəhərində ölkəmizin səfirliyi və Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən anım mərasimi təşkil olunub. Səfir Fuad İsgəndərov, NATO yanındakı nümayəndəliyimizin rəhbəri Qaya Məmmədov və Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayxan Dəmirçi 20 Yanvarın xalqımızın milli azadlıq mübarizəsinin şanlı səhifəsini təşkil etdiyini vurğulayıblar.
Ham şəhərinin meri Dirk De Vis çıxışında ölkələrimiz arasında mövcud dostluq əlaqələrini yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.
Daha sonra əslən azərbaycanlı olan belçikalı rəssam Əli Seyranın 20 Yanvar faciəsinə həsr edilmiş əsərləri də daxil olmaqla, ölkəmizdən bəhs edən sərgisinə baxış keçirilib.
* * *
Azərbaycanın Britaniyadakı səfirliyi və Londonda fəaliyyət göstərən Azərbaycan Dostluq və Mədəniyyət Evinin təşkil etdiyi tədbirdə səfir Tahir Tağızadə 20 Yanvar faciəsi haqqında məlumat verib. Qeyd edilib ki, həmin dövrdə bir çox sovet ölkəsində oxşar hadisələr baş verib, lakin bunlardan ən qanlısı Bakıda törədilib.
Digər çıxış edənlər - Azərbaycan Evinin rəhbəri Əli Təkin Atalar, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri Nigar Maksvell sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən hərbi təcavüzdən söhbət açıblar.
Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Mərasimdə şəhidlərimizin əziz xatirəsinə tarda ifalar səsləndirilib.
* * *
Özbəkistanın uchildiz.uz portalı “20 Yanvar – Azərbaycan xalqının vətənpərvərlik və qəhrəmanlıq günü” sərlövhəli məqalə yayıb. Məqalədə bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə Bakıya qoşun yeridilib, günahsız insanlar qətlə yetirilib. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq mübarizəsinin rəmzi kimi tarixə düşüb. Həmin gecə canlarını qurban verən şəhidlər öz qanları ilə Azərbaycan tarixinin yeni səhifəsini yazıblar.
* * *
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib. Gürcüstanın müxtəlif universitetlərində təhsil alan tələbələr tərəfindən hazırlanmış tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin və M.F.Axundzadə adına muzeyin dəstəyi ilə reallaşıb.
İştirakçılar AZƏRTAC-ın təşəbbüsü ilə 20 Yanvar faciəsi ilə əlaqədar muzeydə açılmış fotosərgi ilə tanış olublar.
Muzeyin elmi işçisi Leyla Əliyeva Gürcüstanda hər il 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbirlərinin keçirildiyini diqqətə çatdırıb. 20 Yanvar şəhidlərinin və 1989-cu ilin 9 aprelində Tbilisidə sovet qoşun hissələri ilə toqquşmada həlak olanların xatirəsi ehtiramla yad edilib.
* * *
Mərakeşin “Əl-Aləm” qəzetində “20 Yanvar - Azərbaycan milli qürur günüdür” başlıqlı məqalə dərc edilib. Məqalədə 20 Yanvar tarixinin Azərbaycan xalqının milli yaddaşına 1990-cı ildə keçmiş sovet ordusunun ölkəyə qarşı hərbi təcavüzü kimi yazıldığı qeyd olunur. Yazıda sovet ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən bəhs edilir.
* * *
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb. Bəyanatda İSESCO katibliyi Azərbaycan xalqının acısını bölüşdüyünü diqqətə çatdırır. 20 Yanvar hadisələrinin insanlığa qarşı törədilmiş cinayət olduğu vurğulanır.
Həmçinin sənəddə dünya ictimaiyyətinə və beynəlxalq insan haqları təşkilatlarına faciəyə hüquqi qiymətin verilməsinə, bu cinayəti törətmiş şəxslərin beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmasına çağırış edilib.
* * *
Azərbaycanın İrandakı səfirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib. Səfir Bünyad Hüseynov 1990-cı il yanvarın 20-də baş verən hadisələrin siyasi mahiyyəti haqqında məlumat verib.
Səfirlik tərəfindən Azərbaycan, fars və ingilis dillərində hazırlanmış press-reliz və bu faciəni əks etdirən fotoşəkillər İranda akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların Tehrandakı təmsilçilərinə, eləcə də kütləvi informasiya vasitələrinə göndərilib. “Asiya” qəzetində və “Asiya news” informasiya portalında “20 Yanvar azadlıq uğrunda mübarizənin rəmzidir” sərlövhəli məqalə dərc edilib.
* * *
İsveçdə fəaliyyət göstərən “İsveç-Azərbaycan Mədəniyyət Dərnəyi Odlar Yurdu” diaspor təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirib.
Diaspor təşkilatının rəhbəri Sevinc Bakılı çıxış edərək qanlı tarixin həm şəhidlərimizin anım günü, həm də xalqımızın birliyi, fəxr və şərəf günü olduğunu qeyd edib. Sonra 20 Yanvar hadisələri ilə bağlı təşkilat adından hazırlanan bəyanat tədbir iştirakçılarına təqdim edilib.
* * *
İsveçrənin paytaxtı Berndə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd edilib. Azərbaycan səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə şagirdlərə Bakı şəhərində törədilmiş qanlı faciə ilə bağlı məlumat verilib, onlara 20 Yanvar haqqında əyani vəsaitlər təqdim edilib. Məktəblilər şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
* * *
Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Səfir Məmməd Əhmədzadə çıxış edərək ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn gərgin proseslərdən danışıb, Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvar faciəsinin acı nəticələri barədə məlumat verib.
Roma Sapienza Universitetinin dosenti Daniel Pommier çıxışında 20 Yanvar faciəsindən danışıb, belə hadisələrin xalqın milli kimliyinin formalaşmasında rolundan söz açıb.
Sonda Qanlı Yanvar faciəsinə dair sənədli film nümayiş olunub.