1990-cı ilin 20 yanvarında Bakıda, bir il sonra həmin gün Riqada törədilmiş 20 Yanvar faciələri ilə əlaqədar Azərbaycanın Latviyadakı səfirliyi və Riqada yerləşən Barrikada Muzeyinin təşkilatçılığı ilə birgə anım tədbiri keçirilib.
Əvvəlcə hər iki şəhərdə sovet qoşunları tərəfindən törədilmiş Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Bakıda törədilmiş 20 Yanvar faciəsinin canlı şahidi olduğunu qeyd edərək hər iki ölkədə baş vermiş oxşar faciələri yaddaşlarda qanla yazılmış azadlıq günü kimi dəyərləndirib.
Vurğulayıb ki, həmin hadisələrdə tankların qarşısına əliyalın çıxan xalq əzmini nümayiş etdirib, bu təcavüz aktı Azərbaycan xalqının milli azadlıq uğrunda əzmini qıra bilməyib.
Barrikada Muzeyinin direktoru Renars Zalais Azərbaycanda törədilmiş 20 Yanvar faciəsinin 1991-ci ildə Riqada baş verən hadisələrlə oxşarlıq təşkil etdiyini bildirib. 20 Yanvar tarixinin hər iki xalqı birləşdirdiyini qeyd edən direktor bu tarixin hər iki ölkədə azadlıq və demokratiyanın müdafiəsi naminə həlak olanların xatirəsinin anım günü olduğunu söyləyib.
Latviya xalq hərəkatının 1990-1992-ci illərdəki rəhbəri, tanınmış ictimai-siyasi xadim Romualds Razuks çıxış edərək o vaxt yaradılmış informasiya blokadası səbəbindən Azərbaycandakı hadisələrdən az məlumatlı olduqlarını vurğulayıb.
Latviya Prezidentinin etnik azlıqlar üzrə müşaviri Roman Əliyev də çıxış edərək ötən əsrin son onilliyində baş vermiş və tarixə Qara Yanvar kimi düşmüş həmin günü Azərbaycan və latış xalqlarının bənzər azadlıq mübarizəsi adlandırıb.
Sonra hər iki ölkədə baş vermiş faciə qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.