Özbəkistanın “Dunyo boylab” televiziya kanalında Azərbaycan haqqında veriliş yayımlanıb. Veriliş ötən il Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə özbək jurnalistlərinin ölkəmizə mediaturu zamanı lentə alınıb.
Verilişin müəllifi jurnalist Gülsarə Saqatxanova Azərbaycanın abad və sabit inkişaf edən ölkə olduğunu qeyd edir. Proqramda Bakı şəhərinin gözəlliyi, tarixi, görməli yerləri haqqında söhbət açılır.
Aparıcı xalqımızın zəngin mədəniyyəti, tarixi haqqında danışır, Azərbaycan xalçalarına xüsusi yer ayırır, Xalça muzeyində ölkəmizin regionlarına xas olan xalçaları nümayiş etdirir, onların fərqli xüsusiyyətlərini izah edir.
Milli Azərbaycan Tarixi Muzeyində olan jurnalist muzeyin tarixi haqqında da məlumat verir. Müəllif Azərbaycanın regionları, habelə gözəl təbiəti, füsunkar iqlimi ilə tanınan İsmayıllı rayonuna səfərdən də söhbət açır. O, Lahıc qəsəbəsindən ətraflı danışaraq qeyd edir ki, azərbaycanlılar Lahıcı “misgərlik səltənəti” adlandırırlar.