Gənc nəslin mənəvi-bədii zövqünün formalaşması, onların dünyagörüşünün genişlənməsini təmin etmək məqsədilə 1-3 fevral tarixində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə layihəsi üzrə 2 fevral – Gənclər gününə həsr olunmuş “Gəncliyə töhfə” musiqi festivalı keçiriləcək.
Festivalın məqsədi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Bəstəkarlıq fakültəsinin yetişdirdiyi istedadlı, təhsillərini xarici ölkələrdə davam etdirən, mütəmadi olaraq beynəlxalq müsabiqə və festivallarda Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edən gənc bəstəkarların simfonik, kamera və xalq çalğı alətləri orkestrləri üçün yazılmış əsərlərinin ictimaiyyətə tanıdılmasıdır.
“Gəncliyə töhfə” musiqi festivalı çərçivəsində fevralın 1-də Vyana Konservatoriyasının məzunu, Azərbaycan Dövlət Akademik Filarmoniyasının dirijoru Mustafa Mehmandarovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Fevralın 2-də Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, fevralın 3-də filarmoniyanın Kamera və orqan musiqisi zalında gənc istedadların iştirakı ilə konsertlərin keçirilməsi nəzərdə tutulub. Konsertlərdə Lalə Cəfərova, Tahir İbişov, Arzu Abbasova, Tamilla Əhmədova, İlahə İsrafilova, Ülkər Məmmədli, Vəfa Bağırzadə, Tural Məmmədli, Sevinc Balabəyova, Nərminə Nağıyeva, İlhamə Həsənova, Toğrul Salmanov kimi istedadlı bəstəkarların əsərləri səslənəcək.