Yanvarın 24-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan dağ yəhudiləri və Avropa yəhudi dini icmalarının, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin dəstəyi və təşkilatçılığı ilə “Holokost və Xocalı – müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Holokost və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov tədbiri açaraq bildirib ki, İkinci Dünya müharibəsi dövründə baş vermiş Holokost və 1992-ci ildə törədilən Xocalı soyqırımları zaman etibarı ilə bir-birindən uzaq olsalar da, mahiyyətcə oxşar faciələrdir. O, diqqətə çatdırıb ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş qətnaməyə əsasən hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq anım günü kimi qeyd edilir.

Rəvan Həsənov yəhudilərin əsrlərdir ölkəmizdə yaşadıqlarını vurğulayaraq deyib ki, Azərbaycanda heç vaxt antisemitizm meyilləri olmayıb, burada yaşayan bütün etnik icmalar bir-biri ilə dostluq münasibətləri qurublar.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə bildirib ki, etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olmuş Azərbaycan xalqı yəhudi xalqını, onun üzləşdiyi tarixi fəlakəti yaxşı başa düşür. Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı faciəsinin və Holokost qurbanlarının xatirəsi ölkəmizdə hər il yad edilir.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev deyib ki, yəhudi və Azərbaycan xalqlarını böyük faciələr və qəhrəmanlıqlar birləşdirir. Holokost Xocalı soyqırımı kimi insanlığa qarşı törədilmiş cinayətdir. Yəhudi və Azərbaycan xalqları bir-birinin faciəsini dərk edir. O, 1918-ci ildə Qubada yəhudi icması üzvlərinin də erməni-daşnak dəstələri tərəfindən soyqırımına məruz qaldıqlarını xatırladıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, belə cinayətlərin baş verməməsi üçün Xocalı soyqırımının səbəbkarları cəzalandırılmalıdır.

Tədbirdə deputatlar Hikmət Babaoğlu, Elman Nəsirov, Elman Məmmədov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Azərbaycan Avropa Yəhudiləri Dini İcmasının rəhbəri Aleksandr Şarovski, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov və başqaları çıxış ediblər. Çıxış edənlər Azərbaycanda Holokost faciəsinin anılmasını ölkəmizdəki multikultural və tolerant əhvalın göstəricisi kimi dəyərləndiriblər.