Hər birimizin hələ uşaqlıqdan yaddaşımıza hopan sevimli melodiyaları olur. Ötən əsrin 60-cı illərində balacaların sevimli qış bayramında - Yeni ildə onlara sevinc bəxş edən bir musiqi yarandı. O mahnı ki, bütün uşaqların, hətta böyüklərin də dilində əzbər oldu.

Süd kimi ağ qar ilə,
Çoxlu-çoxlu bar ilə,
Qış ilə, bahar ilə
Yeni il gəldi,
Yeni il gəldi.
Neçə nübar ilə,
Yeni il gəldi...

Bəs kim idi bu mahnının müəllifləri və necə yaranmışdı bu nəğmə?

“Yeddi not” rubrikamızın ilk “qonağı” 60-dan çox yaşı olan “Yeni il gəldi” mahnısıdır.

1960-cı ildə, Yeni il şənliyi ərəfəsində Azərbaycan Dövlət Televiziya və Radiosunun o vaxt təzə (iki il öncə) yaranmış “Bənövşə” uşaq xoru üçün bəstəkar Musa Mirzəyev sözləri Hikmət Ziyaya məxsus olan “Yeni il gəldi” adlı mahnı bəstələyir. Efirdə ilk dəfə səsləndikdən sonra uğurlu tale yaşayan mahnılardan birinə çevrilir. Bu mahnı təkcə Yeni ili deyil, ümumilikdə qışın gəlişini, ağ fəsli assosiasiya edirdi.

Musa Mirzəyev bu mahnını bəstələyəndə 27 yaşı var idi. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar və pedaqoq Qara Qarayevdən dərs alan M.Mirzəyevin yaradıcılığında sonradan simfonik və kamera musiqisi janrlarında yazılmış əsərlər üstünlük təşkil etsə də, o, gənc yaşlarında mahnı janrına da müraciət edirdi. Bəstəkar bir müsahibəsində mahnı janrında ən çox müraciət etdiyi müəllifin məhz şair Hikmət Ziya olduğunu vurğulamışdı. Şair bu şeiri bəstəkara təqdim etməsəydi, yəqin ki, bu mahnı da yaranmayacaqdı. Daha çox təmsil ustası kimi tanınan şairin uşaq şeirləri də böyük maraqla oxunur.

Bəstəkar mahnının yaranma tarixi ilə bağlı xatirələrində deyir: “Mahnı uzun müddət bədii şuradan keçə bilmədi. O vaxt radioda işləyirdim və qış fəslinə aid çoxsaylı mahnılar yazılmışdı. Bir neçə il keçdikdən sonra mahnı bədii şura tərəfindən təsdiqləndi və uşaq xoruna ifa edilməsi üçün icazə verildi. Mahnı elə ilk səslənmədən öz melodikliyi, uşaq ruhuna yaxınlığı ilə digər mahnılardan seçildi”.

Təsadüfi deyil ki, bu gün biz yaşı 50-ni keçmiş hər bir insandan Yeni il, yaxud qış fəslinə aid mahnı oxu desək, böyük əksəriyyət ilk olaraq məhz bu nəğməni ifa edəcək. Mahnının ilk lent yazısı fondda saxlanılmayıb. Yalnız 1965-ci ildə bəstəkarın öz müşayiəti ilə “Bənövşə” uşaq xoru və solist Gülnarə Həşimovanın ifasında mahnı lentə alınır və o videoyazı bu günə kimi Azərbaycan Televiziyasının “qızıl fond”undadır.

Vaxtilə “Bənövşə” uşaq xorunda oxuyan və bu gün tanınmış simalar var ki, onların bir çoxu bu mahının ifaçıları olmaq imkanı qazanıblar. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Şəfəq Əliyeva, müğənni, Əməkdar artist Firuzə İbadova, Xalq artisti Azərin və estrada müğənnisi Elnarə bu mahnını sevə-sevə ifa edərək öz repertuarlarında yaşadırlar. Hazırda Yeni il şənliklərində bu mahnı əsas musiqilərdən biri kimi səsləndirilir.

Təəssüf ki, bu gün uşaq mahnıları yazılmır, yaxud bəstələnirsə, populyarlıq qazana bilmir. Doğrudur, uşaq mahnısı yazmaq elə də asan deyil. Bir də illərdir populyarlığını itirməyən mahnılar bəstəkarın yazdığı notları dəyişməmək şərti ilə, ruhu zədələnməməklə ifa olunmalıdır.

Hər ilin son ongünlüyü və yeni ilin ilk bir ayı ərzində tez-tez səslənən “Yeni il gəldi” mahnısının əbədi yaşayacağı şübhəsizdir. Çünki yenə qış gələcək, “süd kimi ağ” örpəyini torpağa sərəcək. Xüsusilə də balacalar “sevinclə gülə-gülə” qarda əylənəcəklər. Elə böyüklər də. Axı yaşından asılı olmayaraq, hər kəsin qəlbində bir uşaq yaşayır...

Lalə AZƏRİ