İctimai Televiziya və Radio Yayımları Şirkətində bu ilin mayında İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Eurovision-2019” müsabiqəsində ölkəmizin iştirakı ilə bağlı milli seçim turu üçün mahnı qəbuluna başlanılıb.
Müsabiqənin milli yayımçısı olan İctimai Televiziya mahnı seçiminə dair şərtləri də açıqlayıb. Söz yazarları və bəstəkarlar müsabiqə üçün musiqi və mətni “MP3” versiyasında təqdim etməlidirlər. Mahnının xronometrajı “Eurovision” mahnı müsabiqəsinin təşkilatçısı – Avropa Yayımları Birliyinin şərtlərinə uyğun şəkildə maksimum 3 dəqiqə təşkil etməlidir. Seçim üçün 2018-ci il sentyabrın 1-dən əvvəl ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansı mediada (televiziya, radio və ya internet resursları) yayımlanmayan mahnılar qəbul olunur.
Seçim turuna təqdim edilən mahnı digər musiqiçilərin “cover” mahnıları ola bilməz, həm musiqi, həm də mahnıda musiqi alətlərinin istifadəsi orijinal olmalıdır.
Müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız “Eurovision”un rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.
Mahnı seçimində iştirak etmək istəyənlər ərizələrini fevralın 7-dək eurovision2019@gmail.com ünvanına göndərə bilərlər.