Azərbaycan milli rəsm sənətinin görkəmli simalarından olan Bəhruz Kəngərlinin (1892-1922) anadan olmasının 127-ci ildönümü (22 yanvar) münasibətilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri Bəhruz Kəngərli Muzeyini ziyarət ediblər.
Ziyarət zamanı məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2001-ci il 22 may tarixli sərəncamı ilə yaradılıb. 2002-ci il iyunun 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, rəssamın Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan bir çox əsərlərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilib. İlk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində nəşr edilib, sənətkarın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film hazırlanıb. 2013-cü ildə Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurularaq istifadəyə verilib.
Bildirilib ki, 30 il ömür sürən Bəhruz Kəngərli zəngin irs qoyub, yeddi il yaradıcılıq fəaliyyəti ilə məşğul olsa da, 2 minə qədər rəsm əsəri yaradıb. O, realist portret və mənzərə rəsm yaradıcılığının, Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla bədii sənət xəzinəmizə dəyərli nümunələr bəxş edib.
Muzeydə realist rəssamın zəngin irsinə aid yüzlərlə eksponat mühafizə olunur. Həmçinin muzeyin saytı istənilən sənətsevərə ekspozisiya ilə tanış olmaq imkanı yaradır.