Dünya xalqlarının mətbəxi milli mədəniyyətin ən yaxşı təşviqatçıları sırasındadır. Meksika mətbəxi yalnız meksikalıların və bu Latın Amerikası ölkəsini ziyarət edən çoxsaylı turistlərin ağız dadını oxşamır, eyni zamanda zəngin Meksika mədəniyyətinin bir hissəsini ölkə hüdudlarından kənarda nümayiş etdirir.
Meksikanın ölkəmizdəki səfirliyindən bildirilib ki, azərbaycanlıları bu ölkənin mədəniyyəti, ələlxüsus mətbəxi ilə daha yaxından tanış etmək məqsədilə səfirliyin “Meat” restoranı ilə əməkdaşlığı əsasında Meksika milli təamlarının təqdimatı təşkil edilib.
Tədbirdə səfir Xuan Rodriqo Labardini ölkəsinin zəngin mətbəx mədəniyyəti barədə danışıb. Bildirib ki, Meksika milli mətbəxi 2010-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Vurğulayıb ki, bu sektor milli iqtisadiyyat üçün də böyük əhəmiyyət kəsb edir, ölkədə 5,5 milyon iş yeri yaradır. Milli mətbəx nəsillər vasitəsilə ötürülərək Meksika xalqının qeyri-maddi dəyərlərini təşkil edir.
Tədbir iştirakçıları “Mariaçi Bakı” qrupunun musiqili sədaları altında Meksika milli mətbəxi, mədəniyyəti, adət-ənənələri ilə tanış olublar.
LALƏ