Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ölkəmizin Braziliyadakı səfirliyinin dəstəyi ilə Braziliya Universitetinin professoru xanım Leila Bijosun müəllifi olduğu “Azərbaycanın dövlət siyasətində multikulturalizmin rolu” mövzusunda kitab çapdan çıxıb. Azərbaycanın Braziliyadakı səfirliyində kitabın təqdimatı keçirilib.
Xarici İşlər Nazirliyindən bildiriblər ki, ingilis və portuqal dillərində nəşr edilən kitabda Azərbaycanın multikulturalizm ənənələrinin tarixi kökləri barədə məlumat verilir, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə sülh və dostluq şəraitində yaşaması haqqında nümunələr göstərilir, Azərbaycanda multikulturalizmlə bağlı həyata keçirilən dövlət siyasəti və qanunvericilik bazası təsvir olunur. Kitabda Azərbaycanın ev sahibliyi etdiyi multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı beynəlxalq səviyyəli tədbirlərin əhəmiyyəti haqqında danışılır.
Kitabda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur. Müəllif Azərbaycanın təbliğ etdiyi multikulturalizm ideyalarının ölkə daxilində, o cümlədən regionda və dünyada sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini qeyd edir, buna baxmayaraq, qonşu Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasını sülhə və təhlükəsizliyə təhdid kimi qiymətləndirir.