Paytaxtımızda kino və ümumilikdə sənət adına bir ilk yaşanır. Yanvarın 25-də Nizami Kino Mərkəzində İtaliya-Azərbaycan film festivalı başlandı. Açılışdan öncə italiyalı qonaqlar media təmsilçiləri ilə görüşdülər.
Elə ilk dəqiqələrdən bu görüşün maraqlı olacağı bəlli idi. Çünki çox zaman italyanlarla azərbaycanlıları bir-birinə bənzədirlər. Bu həm də iki xalqın istiqanlı olması ilə əlaqələndirilir. Bakı və Neapol qardaşlaşmış şəhərlər olduqları kimi, italyan kinematoqrafçılarının mətbuat nümayəndələri ilə görüşləri də isti və çox səmimi bir atmosferdə keçdi.
Mətbuat konfransını Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə açaraq festival haqqında məlumat verdi. Bildirdi ki, festival Mədəniyyət Nazirliyi, “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore” film istehsalı şirkətlərinin birgə dəstəyi ilə reallaşır. Layihə İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu günü və gələcəyini təbliğ etmək məqsədi daşıyır. Qeyd edildi ki, İtaliyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və “The Landmark” tərəfindən dəstəklənən festival çərçivəsində ümumilikdə 15 müasir film nümayiş olunacaq.
Sonra nazirliyin rəsmisi festivalda iştirak etmək üçün Bakıya təşrif buyuran italyan kinematoqrafçıları mətbuat nümayəndələrinə təqdim etdi.
Layihə iki ölkənin kino sənayesinin təbliğinə xidmət edir
Festivalın münsiflər heyətinin sədri, məşhur aktyor Remo Girone iki ölkə arasında mədəni münasibətlərdən danışaraq ilk dəfə keçirilən festivalın kinematoqrafiya sahəsində əlaqələrin inkişafına töhfə verəcəyini bildirdi: “Bu günə kimi ABŞ, Fransa, Polşa və Almaniyada fəaliyyət göstərmişəm. Azərbaycanla əməkdaşlıq etmək mənim üçün çox maraqlı olardı. İnanıram ki, belə tədbirlər bizim birgə əməkdaşlığımızın inkişafına yeni təkan olacaq. İki ölkə arasında mədəniyyət sahəsində mövcud əlaqələr bundan sonra da davam etdiriləcək. Azərbaycan kinosu haqqında məlumatım olmasa da, festival çərçivəsində nümayiş olunacaq filmləri izləməklə bilgi əldə edəcəyəm. Bu təkcə məlumat deyil, həm də Azərbaycanda rejissorluq məktəbi ilə tanışlıq imkanı qazandıracaq”.
Festivalın direktoru Claudio Rossi Massimi, təşkilatçılardan Sandro Teti, festivalın layihə meneceri Kənan Zülfüqarov, “İmago Group”un nümayəndəsi Lucia Macale, “United Cultures”in əməkdaşı Pala Kasaqrande və başqaları çıxış edərək festival barədə məlumat verdilər. Qeyd olundu ki, festival iki ölkənin film sənayesinin oxşar və fərqli cəhətlərini nümayiş etdirməklə beynəlxalq kino məkanının fəaliyyətini təşviq edəcək.
Diqqətə çatdırıldı ki, yanvarın 30-dək davam edəcək festival çərçivəsində hər iki ölkənin mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən seçilmiş filmlər gündə iki seans olmaqla nümayiş etdiriləcək. Festivalda “Ən yaxşı Azərbaycan filmi”, “Ən yaxşı italyan filmi”, “Ən yaxşı beynəlxalq film”, “Ən yaxşı Azərbaycan sənədli filmi”, “Ən yaxşı İtaliya sənədli filmi”, “Ən yaxşı beynəlxalq sənədli film”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı foto” və “Ən yaxşı musiqi” nominasiyaları üzrə mükafatlar nəzərdə tutulub. Nominasiyaların qaliblərinə xüsusi hazırlanmış “Zoroaster award” mükafatı veriləcək. Bundan əlavə, festivala qatılan italyan rejissor və aktyorlar ustad dərsləri, gənc kinematoqrafçılarla görüşlər keçirəcəklər.
“Mən də gəlirəm”, ardınca “Nar bağı”
Mətbuat konfransının ikinci hissəsində Azərbaycan və İtaliya kino münasibətlərindən söz açıldı. Mətbuat nümayəndələrinin suallarını cavablandıran aktyor Remo Girone dedi: “Azərbaycana gələndə festivalla yanaşı, Atəşgah məbədində, Qobustan qoruğunda olmağı da arzulayırdım. Bu ölkə haqqında təsəvvürlərim olsa da, əfsus ki, kino sənayesi haqqında məlumatım azdır. Beş gün müddətində çalışacağam ki, Azərbaycan kinosu ilə yaxından tanış olum. Bu yaşımda böyük məmnunluqla Azərbaycanda filmə çəkilmək istərdim”.
Tədbirdə bizim kino xadimləri də iştirak edirdilər, İtaliya və Azərbaycan kinosu ilə bağlı maraqlı diskussiya aparıldı. Xalq artisti, rejissor Vasif Babayev qonaqlara kino sənayemiz barədə məlumat verdi, həmçinin italyan kinosu ilə bağlı təəssüratlarını bölüşdü.
Festivalın direktoru Claudio Rossi Massimi festivalın mükafatının “Zoroaster award” (“Zərdüşt” mükafatı) adlanmasının simvolik xarakter daşıdığını, bu adın Azərbaycanın qədim coğrafiyası ilə əlaqəli olduğunu vurğuladı.
Ölkəmizdən münsiflər heyətində təmsil olunan Yusif Şeyxov və Fehruz Şamıyev festivalda iştirak edən Azərbaycan filmləri haqqında məlumat verdilər.
Həmin gün axşam festivalın ilk filmi nümayiş olundu.
“Mən də gəlirəm” (I am coming too) adlı film italyan dilində ingilis subtitrlərlə təqdim edildi. İtalyan rejissorlar Corrado Nuzzo və Maria di Biasenin birgə işi olan komediya janrında film maraqla qarşılandı.
Festivalın ilk günü nümayiş olunan ikinci ekran əsəri isə rejissor İlqar Nəcəfin “Nar bağı” filmi oldu.
İtaliya-Azərbaycan film festivalı yanvarın 30-da başa çatacaq.
Lalə AZƏRİ