İlin və ayın ilk günlərindən afişalar hər kəsi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək “Violin musiqisi axşamı”na dəvət edirdi. Üstəlik, afişada duyğulu və mükəmməl ifası ilə illərdən bəri zövqümüzü oxşayan, peşəkarlığı ilə Azərbaycanın adını ucaldan gözəl bir xanımın elə özü kimi gözəl qızların əhatəsində şəklinin yer alması bu konsertdə həm qulaqlarımızın, həm də gözlərimizin dincələcəyini vəd edirdi.
Yanvarın 25-də filarmoniyaya gələndə gözləntimizin bizi yanıltmadığını gördük. Xalq artisti, professor Zəhra Quliyeva ilə onun tələbələrinin ifasında dünya bəstəkarlarının violin və simfonik orkestr üçün əsərlərini dinləmək istəyənlər çox idi.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Vyana Konservatoriyasının məzunu, “Xəzər virtuozları” orkestrinin bədii rəhbəri və baş dirijoru Mustafa Mehmandarovun idarəsi ilə çıxış edəcəyi də konsertə marağı xeyli artırırdı.
Pedaqoji fəaliyyətinin 40 illik hesabatına həsr etdiyi konsert proqramında ilk olaraq Zəhra Quliyeva özü səhnəyə çıxdı. O, XIX-XX əsrlərin qovuşuğunda yaşamış görkəmli ingilis bəstəkarı Edvard Elqarın əvvəlcə violin və fortepiano üçün yazdığı, sonradan simfonik orkestrin müşayiətilə ifa olunmaq üçün işlədiyi “Salut d’amour” əsərini çaldı. Çoxdan bəri pərəstişkarlarının zövqünü səhnədən belə bir maraqlı və adı kimi sevgi dolu bir əsəri ifa etməklə sevindirməyən Zəhra xanıma ünvanlanan alqışlar konsert boyu dəfələrlə “bravo” deyə səsləndi.
Zəhra xanımın ardınca növbə onun yetirmələrinə yetişdi. Bakı Musiqi Akademiyasının magistrantı Səbinə Quliyeva və tələbəsi Aydan Salamova simli alətlər üçün şah əsərlər bəstələmiş Antonio Vivaldinin “İki violin və orkestr üçün konsert”ini ifa etdilər. Simfonik orkestrin müşayiəti ilə iki eyni alət üçün duet olaraq yazılmış əsərlər nə qədər az olsa da, belə irihəcmli bəstələrin səslənişi az qala nadir hadisə hesab edilir.
Adı dünya musiqi tarixinə virtuoz violin ifaçısı və bəstəkar kimi düşmüş Pablo Sarasatenin ispan rəqsləri motivləri əsasında “Tsapateado” əsərini BMA-nın III kurs tələbəsi Xədicə Mirqulamlı, Kamil Sen-Sansın “Violin və orkestr üçün 3-cü konserti”nin I hissəsini Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdi Çinarə Əzimova, Ernst Şossonun “Poema”sını musiqi akademiyasının magistrantı Nəzrin Aslanlı ifa etdilər. Xatırladaq ki, öz mükəmməl ifası ilə klassik musiqi həvəskarlarından bol alqış və gül dəstəsi qazanan hər üç ifaçı beynəlxalq müsabiqələr laureatıdır.
Konsertdə sonuncu səslənən Yan Sibeliusun “Violin və orkestr üçün konserti”nin ifası bir qədər sürpriz oldu. Belə ki, konsertin I hissəsini beynəlxalq müsabiqələr laureatı, Bülbül adına məktəbin 11-ci sinif şagirdi Osman Mustafazadə, II və III hissələrini isə hazırda təhsilini Almaniyada davam etdirən beynəlxalq müsabiqələr laureatı Fəridə Rüstəmova ifa etdi.
Proqram boyunca gənc dirijor Mustafa Mehmandarovun inamlı idarəçiliyi gözümüzdən, orkestrin isə bu əsərləri az qala cari repertuarda olan, əzbər bildikləri musiqilər kimi rahat ifa etməsi də qulağımızdan yayınmadı.
Proqram bitincə Zəhra xanım öz tələbələri ilə səhnəyə çıxaraq, Mədəniyyət Nazirliyinə, filarmoniyanın rəhbərliyinə və konsertin ərsəyə gəlməsində əməyi keçən bütün heyətə, Azərbaycan Dövlət Simfonik Orkestrinə və onun bədii rəhbəri, baş dirijoru, Xalq artisti Rauf Abdullayevə minnətdarlıq etdi. Konsert zamanı heç bir ifaçıdan diqqətini və alqışını əsirgəməmiş tamaşaçılar da səhnədən təşəkkür paylarını eşitdilər.
* * *
…Dilimizdə belə bir məşhur ifadə var: sarı sim. Adətən kiminçünsə həssas mövzuya toxunduqda deyirik ki, sarı simə toxunma!.. Simli alətlərin mahir ifaçıları isə sarı simə daha incə toxunmağı, onu daha dolğun səsləndirməyi bacarırlar. Elə Zəhra Quliyeva ilə onun yetirmələrinin bəxş etdiyi “Violin musiqisi axşamı” da sənət sevdalılarının dindirdiyi könül nəğməsi idi.
Zəhra xanımın konsertin əvvəlində ifa etdiyi əsərin adı – “Salut d’amour” Azərbaycan dilinə “Sevgiyə salam” kimi çevrilir. Edvard Elqar bu kiçikhəcmli, amma çox gözəl əsəri 1888-ci ilin iyulunda sevgilisi Kerolayn Ellis Robertsə nişan hədiyyəsi üçün bəstələyib. “Salut d’amour” bu dəfə - yanvar axşamında görkəmli ifaçı və təcrübəli pedaqoqun ifasında sənətə ömür həsr edənlərin əbədi sevgi nəğməsi kimi səsləndi.
Gülcahan MİRMƏMMƏD