Eşqdir mehrabı uca göylərin,
   Eşqsiz, ey dünya, nədir dəyərin?!.

   Nizami
   
   Eşq. Məhəbbət. Sevgi. Yaranışdan bəri ifaçılarını dəyişə-dəyişə eyni mahnını çalan «trio». İdarəçi, icraçı və tamaşaçıları dəyişilə-dəyişilə bir an belə susmayan bəşəri «xor». Böyük Tanrının yaratdıqlarını yaşadan maraqların ən cazibəlisi. İnsanı ibtidai-biolojilikdən qaldırıb çoxunu aliləşdirib, bir qismini dahiləşdirən böyük hiss, duyğu, sayğı...
   Zəmanəmizin dahi sənətkarı Çingiz Aytmatov yaradıcılığı haqda danışmaq, bəzən, «görünən kəndə bələdçi» təsiri bağışlayır. Ondan ya gərək çox geniş yazasan, ya heç yazmayasan.
   Onun əsərlərinin hər biri yüksək «əyarlı» oxucular üçün hər zaman bir sensasiyadır. Lakin onun adıyla bağlı «Uçurum üstündəki ovçunun fəryadı» kitabı kütləvi sensasiya doğurdu. İki səfirin dialoqundan ibarət bu kitab siyasətdən, diplomatiyadan yox, həyat və ölüm, məhəbbət və hakimiyyət təzadları haqdadır. Səfirlərin qeyri-adi dərəcədə səmimi, «ürəkqızdırma» söhbətləri...
   Beləliklə, ötən əsrin sonlarında Qazaxıstanın Bişkekdəki səfiri - məşhur qazax şairi Muxtar Şahanovla Qırğızıstanın Brüsseldəki səfiri Çingiz Aytmatovun dialoqlarından ibarət bu kitabdan sonuncunun yaşadığı bəxtiyar və faciəvi məhəbbət hekayətilə bağlı hissəni hörmətli oxucularımıza təqdim edirik.
   
   * * *
   Aytmatov: - Hər kəsin öz sirli taleyi var. Hər kəs taleyin göndərdiyi insanlarla rastlaşır. Və tale qismətilə görüşənlər istər birgəliyin, istər ömrün son mənzilinədək bir yol başlayırlar...
   Mənim də qismətimə düşən anlar, o günlər indi artıq şirin xatirəyə dönüb, qəlbimdə dərin izlər salıb. Nə gizlədim, tələbəlik illərində müxtəlif məclislərdə, rəqs meydançalarında çox qızlarla tanış olardım. Sonra yuxusuz gecələr hesabına onlara məktub yazar, cavabında isə qalın-qalın zərflərdə məktubla birgə, sevgi ilmələrilə hörülmüş tikmə dəsmallar və s. miniatür hədiyyələr alardım. Amma həyatımda bircə məhəbbətin əsiri olmaq düşüb qismətimə. Əsiri olduğum qadın - sevgi hisslərimi nurlandıran mələk, qırğız incəsənətinin ulduzu, məşhur balerina Bübüsara Beyşenalıyeva bu gün də yuxularıma, qəlbimə hakim kəsilib.
   Şahanov: - Lap neçə il əvvəllər gerçəklikdə olduğu kimi...
   Aytmatov: - Tamamilə doğrudur... 50-ci illərin sonu idi. Moskva Ədəbiyyat İnstitutunu bitirib, bir qədər də məşhurlaşmışdım. Həmin günlərin birində Baltik donanmasında xidmət edən qırğız balalarına hamilik etmək üçün təşkil olunan nümayəndə heyətilə Leninqrada (Sankt-Peterburq) uçmaq mənə də təklif olundu. Həmin günlər Leninqradda olan Qırğızıstan Opera və Balet Teatrı kollektivinin iştirakı ilə «Lenfilm»də «Çolpan» balet-filminin çəkilişləri gedirdi və filmin baş qəhrəmanı Bübüsara ilə «təsadüfən» burada tanış oldum. Yəni sonralar bu görüşün təsadüf yox, taleyin hökmü olduğunu anladım.
   Bir neçə matrosun müşayiətilə qayıqda «Avrora» kreyserinə yaxınlaşarkən göyərtədəki nümayəndə heyəti arasında gözlənilmədən ağ bənizli, qəşəng qamətli, gözləri sevinclə parlayan Bübüsara ilə üz-üzə, göz-gözə qaldım. Bir-birimiz haqda eşitsək də, tanış deyildik. Elə ilk andan aramızda qeyri-adi səmimiyyət, qarşılıqlı simpatiya yarandı. Hər ikimiz elə hey «niyə bu vaxtadək görüşmədiyimizə» təəccüb və təəssüfümüzü bildirdik. Bir-birimizə bir göz qırpımında vurulub isinişdik və həmin andan bütün dünya, ətrafdakı hər şey mənimçün dəyişdi, gözəlləşdi...
   Bitib-tükənməyən söhbətlərdə, bəyaz gecələrdə, Neva sahillərindəki gəzintilərdə əsrə bərabər anlar, günlər yaşadıq. Elə bil yenidən doğulmuşdum. Sanki o günədək Bübüsaradan savayı heç kəsi görməmişdim; bu dünyada bir mən idim, bir o, bir o idi, bir mən...
   Günlər ötdü, nümayəndə heyəti Qırğızıstana yola düşdü, mənsə əzab içində qaldım. Ürəyimin yarısını Neva sahillərində qoyub gedə bilmirdim. Üç gün sonra Moskvaya yollandım. Ardımca Bübüsara da paytaxta gəldi. «Moskva» mehmanxanasında keçirdiyimiz bir sutkada sanki bütöv bir ömür yaşadıq. Dönə-dönə vidalaşsaq da, bir-birimizdən ayrıla bilmirdik. Axırda, heç özüm də bilmədən, Bübüsaranı qatarla Leninqrada qədər ötürdüm. Sonra da məni geriyə - Moskvaya qədər ötürməyi qərarlaşdıran Bübüsaranı güc-bəla ilə fikrindən daşındırdım.
   ... O vaxtdan keçən 14 il ərzində (Bübüsara həyatdan köçənə qədər) ürəyimdə alovlanan Bübüsara adlı sevgi odu bir an belə sönməyib...
   Şahanov: - Bütün dedi-qodulara baxmayaraq...
   Aytmatov: - Doğru, Muxtarcan, doğru! Bu sevdamızın oduna yanmaq nə qədər xoş idisə, qeybətlər bir o qədər naxoş idi.
   Leninqradda təhsilini başa vuran Bübüsara teatr, kino, ədəbiyyat aləminin mahir bilicisi idi. İncəsənət haqda orijinal mühakimələri olan bu istedadlı, gözəl qadının mənim həyatıma da, yaradıcılığıma da böyük təsiri olub. Kimsə soruşa bilər ki, bir-birimizi lap «Min bir gecə» nağıllarındakı kimi dəlicəsinə sevdiyimiz halda, niyə qovuşmadıq? Mən hər dəfə birgə həyatdan söz salanda Bübüsara ya söhbəti dəyişər, ya da tələsməməyi rica edərdi. Sonralar biz eyni binada mənzil alıb, bir-birimizə hər mənada yaxınlaşdıq və bir gün Bübüsara ənənəvi sualımı sanki gözlərimdən oxuyub, kədərlə gülümsünərək dedi: «Açinov (bu müraciət formasını mənim soyadım və adımın başlanğıc hərflərindən düzəltmişdi), mən bilirəm nə deyəcəksən. Amma deyirlər bir-birini dəlicəsinə sevənlər, adətən qovuşmurlar. Bəlkə elə-belə yaxşıdır Açinov, hə? Deyirlər, ailə həyatının ənənəvi, qaçılmaz qayğıları böyük hisslərə xələl gətirir. Niyə bu təkrarsız sevgimizə ənənəvilik gətirək?..
   Çox sonralar başa düşdüm ki, Bübüsara «yox» deməklə, məni partiyaçı «yoldaş»ların divanından, qələm yoldaşlarımın dedi-qodu və «danos»larından qorumaq istəyib. Axı o illərdə nikahı pozub ikinci dəfə evlənməyin nələrlə nəticələndiyini özün yaxşı bilirsən. Amma mən özüm bir şeyi bilmirəmmiş; Bübüsaranın öz qadın səadətini mənə qurban verməsiylə razılaşmaqda haqlıyammı? Bax, bu sual ömrüm boyu məni izləyib əzab verəcək.
   Şahanov: - Hə, o vaxtlar ikinci nikahdan zərərçəkənlər bizdə - qazaxlarda da çox idi. Sizin də yaxşı tanıdığınız klassiklərdən Qabit Musrepov, məşhur müğənnimiz Yermek belə izdivaclara görə ciddi partiya-sovet cəzalarına məruz qaldılar, mətbu felyetonlara hədəf oldular...
   Aytmatov: - Bir dəfə Bübüsara ilə Moskva-Almatı qatarıyla Frunzeyə (Bişkek - red.) üç gün yol gəlmişik. O üç gün elə əsrarəngiz idi ki! O üç gün bitib-tükənməyən şirin nağıl idi. O üç günlük müxtəlif mövzulu şirin, mənalı, ədəbiyyat, incəsənət, həyat haqda mübahisə və öcəşmə qarışıq söhbətlərimizin fonunda ilk dəfə ağıllı fikirləri, ruhu, xarakteri, bütün təbiətilə bir-birinə yaxın olmağın dadını hiss etdim. «Gün var ki, onu bütöv bir əsrə dəyişmərəm. Bu qısa və bircə nəfərlə keçən gün mənim arxada qalan və nə bilmək olar - irəlidə yaşayacağım uzun günlərin içərisində ən uzun və ən qələbəlik, ən xoşbəxt gündür». Bübüsaranın bu sayaq mükalimələrini necə unudasan?..
   Yadındamı, Muxtarcan, bir dəfə Daşkənddən Bişkekə qayıdarkən Tülkübasda maşını saxlamağını xahiş etdim. Yaz-yay aylarında al-əlvan çiçəklərlə süslənmiş o yerlərdən bir vaxt qatarda Bübüsara ilə birgə ötmüşdük. Sənin maşınından baxarkən hər qarış mənə onu xatırladırdı. Bax, o gözəlliklər bir vaxt onu yamanca heyran etmişdi...
   Bu yaxınlarda Qırğızıstan Dövlət Opera və Balet Teatrındakı toplantıda olduğumuz da yadındamı? Onda mən heç nə eşitmirdim. Axı, Bübüsaranın yaradıcılıq yolu burdan başlamışdı. Tədbirin sonuna qədər onunla bağlı müxtəlif əsrarəngiz anlar xəyalımdan kino lenti kimi keçirdi. Səhnəyə baxdıqca onun «Sonalar gölü»ndəki təkrarolunmaz obrazını görürdüm. Bir sözlə, mən o axşam onun əbədi gənc və şux ruhunun canlı tamaşaçı-heykəlinə çevrildim...
   Və... hansısa qastrol səfərindən Bübüsara xərçəng diaqnozu ilə qayıtdı. Kuntsevo xəstəxanasında ilyarım bu xəstəlikdən əzab çəkdi. Mənsə bu əzabları ikiqat yaşamışam. İndi bu haqda danışmağa çətinlik çəkirəm. Xəstəxanaya yalnız «xüsusi buraxılış»la keçmək mümkün idi. Bübüsara ilə bir palatada eyni diaqnozla SSRİ Xalq artisti Olqa Andronovskaya da yatırdı. Ədəbiyyata gəlişimdə böyük rolu olan, ilk povestlərimi özünün «Novıy mir» jurnalında çap edən Aleksandr Tvardovski isə gözümün qabağında dünyasını dəyişdi. Bütün bunlar Bübüsaranı itirəcəyim qanaətimə bir mütləqlik çaları qatırdı.
   Bəli, Bübüsara gündən-günə zəifləyir, gücsüzləşirdi, yataqdan qalxmağa belə taqəti qalmamışdı. Lakin mən bu reallıqla barışa, onu itirəcəyimə heç cür inana bilmirdim. Hər gəlişimdən sevinən Bübüsara zəifcə gülümsünərək, mənə ürək-dirək verməyə, son dəqiqələrimdə belə ilham pərim olmağa, məni ruh düşkünlüyündən qorumağa çalışırdı. Və 1973-cü ilin 11 may günü... Həmin gün Bübüsara dünyadan köçdü...
   Şahanov: - Görənlər deyirlər ki, Opera və Balet Teatrındakı vida mərasimində siz hamının gözü qarşısında hönkür-hönkür ağlayırmışsınız...
   
   (ardı var)
   
   Hazırladı:
   Tahir Abbaslı