Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla yeni ildə ilk görüşü yanvarın 25-də Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.

Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Qəbulda Sumqayıt şəhərindən, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Sumqayıtdan qəbula gəlmiş sakinlər 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə bağlı şəhərdə “Nəsimi poeziyası” respublika festivalının keçirilməsi, rəssamların və tətbiqi sənət ustalarının əl işlərinin xarici ölkələrdə sərgi və satışının təşkil olunması, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm, ana Vətən” sənədli-bədii filminin Bakıda təqdimatının keçirilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Abşeron rayonundan qəbula yazılan vətəndaşlar uşaq musiqi və incəsənət məktəblərində axşam şöbələrinin yaradılmasını xahiş ediblər.

Xızı sakinləri rayondakı Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzinin müasir tələblərə cavab verən yeni binaya köçürülməsi, bu Mədəniyyət mərkəzinə və Cəfər Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyinat, işlə təmin olunma barədə müraciət ediblər.

Zəngilan rayonundan olan vətəndaşların müraciəti mədəniyyət müəssisələrində attestasiyanın keçirilməsi və müvəffəqiyyət əldə etmiş kadrların işinin qiymətləndirilməsi barədə olub.

Qubadlı rayonundan qəbula yazılmış vətəndaşlar məcburi köçkün ailələri üçün yeni tikilən yaşayış massivlərində musiqi məktəbləri, klublar və mədəniyyət evlərinin yerləşdirilməsi və digər məsələlərlə bağlı xahişlərini bildiriblər.

Niyazi adına Şuşa şəhər İncəsənət məktəbinin “Təbəssüm” rəqs qrupunun xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirakına köməklik göstərilməsi də xahiş edilib.

Bundan əlavə, qəbulda Cabir Novruz Mədəniyyət Fondu tərəfindən Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi ilə bağlı layihə barədə nazirə müraciət olunub.

Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

 

Mədəniyyət sahəsində müasirləşmə getməli, sistem təkmilləşdirilməlidir

 

Qəbuldan sonra mətbuata açıqlama verən nazir Əbülfəs Qarayev Prezident İlham Əliyevin tapşırığı ilə yerlərdə keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən maraqlı təkliflərin, müraciətlərin səsləndirildiyini vurğuladı.

Qeyd edildi ki, belə görüşlər yerlərdə mədəniyyət sahəsinin daha da inkişaf etdirilməsinə təkan verir: “Bugünkü qəbulda da mədəniyyət sahəsində çalışan vətəndaşların müraciətlərinə baxıldı. Bir sıra təkliflər, müraciətlər oldu. Sözsüz ki, bölgələrdə keçirilən hər bir qəbul müəyyən məsələlərin həllinə kömək edir. Xızı rayonunda keçirilən qəbul da göstərdi ki, yerlərdə müasir tələblərə cavab verən mədəni xidmətlərin təşkil olunması, müəssisələrin fəaliyyətinin günün tələblərinə uyğun qurulması kimi məsələlər daha çox qaldırılır”.

Əbülfəs Qarayev bu xüsusda Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanının əhəmiyyətini qeyd etdi. Bildirdi ki, fərman mədəniyyət sahəsində müasir sistemin qurulması, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur: “Sözsüz ki, bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik. Bizim üçün insan faktoru əsas olaraq qalır. Eyni zamanda müasirləşmə getməli, sistem təkmilləşdirilməlidir”.

Nazir görkəmli ədib Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının sərəncamına da diqqət çəkərək qeyd etdi ki, yubiley çərçivəsində silsilə tədbirlər keçiriləcək. Bildirdi ki, bununla bağlı məsələlər qəbul zamanı rayon ziyalıları ilə də müzakirə edilib: “Cəfər Cabbarlının 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi addımlar atılır. İl ərzində ölkəmizin mədəniyyət müəssisələrində çoxsaylı tədbirlər keçiriləcək, teatrlarımızda görkəmli dramaturqun əsərləri tamaşaya qoyulacaq. Qəbul zamanı ədibin Xızıda yerləşən ev-muzeyinin fəaliyyətinin təkmilləşdirilməsi, yenilənməsi ilə bağlı təkliflər də səsləndirildi”.

Nazir vurğuladı ki, Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin fəaliyyəti üçün də yeni təkliflər hazırlanacaq. Orada bəzi hüquqi məsələlər mövcuddur. Bu məsələlər öz həllini tapdıqdan sonra muzeyin fəaliyyəti təmin olunacaq.

Əbülfəs Qarayev daha sonra Cəfər Cabbarlının Xızıda yerləşən ev-muzeyinin fəaliyyəti ilə tanış oldu.

FARİZ