Azərbaycan İstiqlal Muzeyində Biləsuvar Regional Mədəniyyət İdarəsinin dəstəyi və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə tanınmış şair İsmayıl İmanzadənin yaradıcılıq axşamı keçirilib. Yanvarın 25-də təşkil olunan tədbirdə şairin qələm dostları, ziyalılar, oxucular iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, 1946-cı ildə Cəbrayıl rayonunun Mərcanlı kəndində anadan olan İsmayıl İmanzadə uzun illər orta məktəbdə müəllim, bir müddət isə dövlət qulluğu sahəsində çalışıb. Lakin harada çalışmağından asılı olmayaraq, onun sinəsindəki şair ürəyi həmişə könüllərə xoş duyğular bəxş edən misralar pıçıldayıb, dövri mətbuatda dərc olunan, kitablarda işıq üzü görən şeirləri poeziya, ədəbiyyat həvəskarları tərəfindən rəğbətlə qarşılanıb.
Bu şeirlərdə doğma yerlərin ecazkar mənzərələri də, gənclik illərinin sevdası da əksini tapıb. Cəbrayılın işğalından sonra Mingəçevirdə məcburi köçkün taleyi yaşayan istedadlı şairin misralarına düşmən tapdağı altındakı torpaqların harayı, çinar həsrəti, yurd nisgili də hopub. Məskunlaşdığı şəhərdə ədəbi mühitin formalaşmasında böyük əməyi olan İsmayıl İmanzadə Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədridir.
Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyev, şair, yazıçı Əlirza Xələfli, professor Rüstəm Kamal və başqaları çıxış edərək şairin yaradıcılığı barədə danışıblar. Bildirilib ki, 30-dək kitabı işıq üzü görən İsmayıl İmanzadə rəhbərlik etdiyi yaradıcılıq qurumuna çoxlu istedadlı gənc cəlb edib, onların əsərləri almanax və jurnallarda çap olunur.
Görüşdə şair uzunmüddətli yaradıcılıq fəaliyyətinə görə Cəbrayıl Rayon İcra Hakimiyyətinin diplomu təqdim edilib.
İsmayıl İmanzadə təşkilatçılara və onun yaradıcılığına dəyər verənlərə minnətdarlığını bildirib. Şairin sözlərinə bəstələnmiş mahnıların səsləndirilməsi iştirakçılara xoş ovqat bəxş edib.