Son illər ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində həyata keçirilən quruculuq və abadlıq işləri, xüsusən Bakı şəhərində tikilən yeni infrastruktur layihələri Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə zəmin yaradıb.
Həmçinin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçirilib və Azərbaycanın mədəniyyəti, mədəni irs nümunələri, multikultural dəyərləri, mədəniyyətlərarası dialoq modelləri geniş təbliğ edilib.
Görülən işlərin davamı olaraq, Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İttifaqının dəstəyi, Beynəlxalq Memarlar İttifaqının iştirakı ilə 2019-cu ilin 7-11 iyun tarixində Bakı şəhərində “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Beynəlxalq Memarlıq Forumu və “Mədəni irs şəhərləri və turizm çağırışları” adlı IV Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçiriləcək.
Forum çərçivəsində tarixi şəhərlərdə kütləvi turizm nəticəsində baş verə biləcək problemlərin həlli yolları müzakirə ediləcək, tarixi şəhərlər və turistlər arasında ahəngə nail olmaq üçün memarların, eləcə də səlahiyyətli şəxslərin müzakirə dialoqu yaradılacaq.
Artıq 4-cü dəfə keçirilən Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin əsas məqsədi mükəmməl layihələndirmə və məsuliyyətli planlaşdırma metodlarını, mədəni irs yerlərində və tarixi əhəmiyyətə malik məkanlarda turizmin inkişafını əks etdirən layihələri (təklif olunan və həyata keçirilən) tanıtmaqdır. Bu, tarixi əhəmiyyətli yerlərin və obyektlərin təfsir edilməsi üçün yeni imkanlar yarada, eləcə də mövcud binaların turizm məqsədləri üçün uyğun şəkildə yenidən istifadəsinə yol aça bilər.
Qeyd edək ki, tədbirin əsas operatoru olan Bakı Media Mərkəzi tərəfindən forumun saytı (www.uia2019baku.org) artıq işə başlayıb və iştirak etmək üçün qeydiyyat sayt vasitəsilə həyata keçirilir.