Paytaxtımızın memarlığı ilə bağlı alman tədqiqatçının məruzəsi dinlənilib
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində alman publisist-tərcüməçi Hayke Maria Yohenninqin təqdimatında “Bakıda modern (gənclik) üslubun tarixi” adlı məruzə axşamı təşkil olunub.
Yanvarın 30-da keçirilən tədbiri mərkəzin rəhbəri Leyla Qasımova açaraq bildirib ki, elmi ədəbiyyatda modernizm və ya yeni sənət adları ilə tanınan üslub Bakı şəhəri memarlığında geniş yayılıb. H.M.Yohenninqin “Bakının memarlıq bələdçisi” kitabında bu üslubda tikilmiş memarlıq abidələrinə geniş yer ayrılıb. Eyni zamanda, Avropada bu üslubun ən uğurlu nümunələrinin Vyanada yaranması və bu şəhərin memarlıq tarixində xüsusi yerə malik olması bu məruzənin vyanalı sənətsevərlər üçün maraqlı olacağını düşünməyə əsas verir.
Məruzə zamanı H.M.Yohenninq bildirib ki, indiyədək bir neçə şəhər haqqında memarlıq bələdçisi yazıb. Azərbaycan paytaxtının memarlıq abidələrinə marağı onu “Bakının memarlıq bələdçisi” kitabını qələmə almağa həvəsləndirib. Ölkəmizə dəfələrlə etdiyi səfərlər, arxivlərlə iş, mütəxəssislərlə əməkdaşlıq və şəxsi araşdırmalar nəticəsində ərsəyə gələn kitabda Bakının mühüm memarlıq abidələri haqqında məlumatlar alman dilində oxuculara təqdim edilir. Kitab ötən il Berlindəki “DOM Publishers” nəşriyyatında çap olunub. Oktyabrda isə Frankfurt Beynəlxalq kitab yarmarkasında ölkəmizin stendində nəşrin təqdimatı keçirilib.
Məruzədə mövzuya uyğun olaraq əsas diqqət Bakı memarlığının ən rəngarəng dövrü olan XIX əsrin sonu və XX əsrin əvvəllərinə yönəldilib. Qeyd edilib ki, neft bumu nəticəsində böyük gəlir əldə edən neft milyonçuları Avropa nümunəsi əsasında həmin dövrün peşəkar memarlarına dəbdəbəli imarətlər və digər binalar inşa etdirirdilər. Gül və həndəsi naxışlar, eləcə də Quran ayələrindən əlavə bəzək elementlərinin istifadə edilmədiyi İslam memarlıq abidələri ilə yanaşı, həmin dövrdə Bakıda Avropa memarlarının müxtəlif üslublarda inşa etdiyi tikililər meydana gəlməyə başladı. Modernizm üslubuna gəlincə, Avropada bu üslubda fasad dekorasiyası üçün beton və ya süni mərmərdən istifadə edildiyi halda, azərbaycanlı ustalar daşdan istifadə ediblər. Bu gün Bakıya xüsusi gözəllik verən bir çox binanın fasadındakı naxış, fiqur və elementlərin daşdan yonulması çox yüksək dəqiqlik və ustalıq tələb edən iş olub.
Qeyd edək ki, H.M.Yohenninq həmçinin “Bakı şəhərinə səyahət” kitabının müəllifidir. Bu nəşr Azərbaycan paytaxtına səfər etmək istəyən almandilli turistlər üçün sanballı vəsaitdir. Müəllif gələcəkdə “Azərbaycana səyahət” adlı kitab layihəsi üzərində işləmək istədiyini də deyib.