Mədəniyyət Nazirliyində İtaliyadan gələn nümayəndə heyəti ilə görüş
Mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 30-da paytaxtımızda keçirilən İtaliya-Azərbaycan Beynəlxalq film festivalının sədri, italiyalı aktyor Rimo Gironenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcək perspektivlərindən danışaraq, ilk dəfə keçirilən festivalın kinematoqrafiya sahəsində əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini və bu kimi tədbirlərin qarşılıqlı mədəni mübadilə üçün şərait yaratdığını deyib.
Görüşdə Mədəniyyət Nazirliyi və İtaliyanın “İmago Group”, “United Cultures” film istehsalı şirkətlərinin və “Sandro Teti” nəşriyyat evinin birgə dəstəyi ilə keçirilən festivalın İtaliya və Azərbaycan kino sənayesinin təbliğ və inkişaf etdirilməsinə xidmət etdiyi qeyd edilib. Həmçinin görüşdə ölkələr arasında yeni layihələrin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb və əlaqələrin daha da dərinləşdirilməsi üçün bir sıra işlərin görülməsinin vacibliyi vurğulanıb.
Nəşriyyat evinin təsisçisi Sandro Teti səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib, Azərbaycan ilə mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da inkişafına inamını ifadə edib.
Nazir festivalın keçirilməsində göstərdiyi dəstəyə görə İtaliya hökumətinə minnətdarlığını bildirib.