Gürcüstanın paytaxtı Tiflisdə 24-26 yanvar tarixində Qara dəniz sosial elmlər beynəlxalq simpoziumu keçirilib.

Simpoziumu Türkiyənin Ərdahan Universitetinin professoru, folklorşünas və tədbirin təşkilatçısı Ərdoğan Altınkaynak açaraq, iştirakçıları salamlayıb. Türkiyə, Azərbaycan, Gürcüstan, Kanada, Kosova, Qazaxıstan, Ukrayna, İran, Qırğızıstan və Tacikistanın müxtəlif qurumlarının birgə təşkilatçılığı ilə baş tutan simpoziumda müxtəlif mövzularda məruzələr dinlənilib.

Tədbirdə Azərbaycandan 10-dan çox alim iştirak edib. AMEA Folklor İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslı “Qarabağ məsəllərinin özəlliyi”, filologiya üzrə fəlsəfə doktoru Məleykə Məmmədova  “Azərbaycan və Anadoluda topla oynanan uşaq oyunları” və filologiya üzrə fəlsəfə doktoru Aynur Cəlilova “Qafqaz xalqlarının ovçuluq miflərinə baxış” mövzusunda məruzələrlə çıxış ediblər. Simpoziumun danışıq dili türk, ingilis, gürcü və rus dilləri olub.

Sonda məruzəçilərə təşəkkürnamə təqdim olunub. Beynəlxalq simpoziumun ildə iki dəfə keçirilməsi nəzərdə tutulur.

S.QALİBOĞLU