Berlin festivalının münsiflər heyətinə Jülyett Binoş rəhbərlik edəcək
Almaniya paytaxtında Avropanın ən nüfuzlu üç kino yarışması (Kann və Venesiya festivalları ilə birgə) sırasına daxil olan Berlinale festivalı fevralın əsas mədəniyyət hadisələrindən biri olacaq.
Sayca 69-cu Berlin Beynəlxalq Film Festivalı fevralın 7-dən 17-dək davam edəcək. Festival çərçivəsində 74 ölkədən 400 film göstəriləcək. Müsabiqə bölümündə yer alan 23 filmin 17-si baş mükafat – “Qızıl ayı” uğrunda yarışacaq.
Türkiyəli rejissor Emin Alperin “Bacılar” filmi ilə yanaşı, Almaniyada yaşayıb çalışan türk rejissor Fatih Akının “Qızıl əlcək” filmi də “Qızıl ayı”ya namizədlər sırasındadır. Hər iki ekran əsərinin festival çərçivəsində premyerası nəzərdə tutulur.
Festival danimarkalı rejissor Lone Scherfigin “The Kindness of Strangers” filminin nümayişi ilə açıq elan ediləcək.
Berlin kinofestivalı münsiflər heyətinə məşhur fransalı aktrisa Jülyett Binoş sədrlik edəcək. Münsiflər heyətinin tərkibinə, həmçinin kino tənqidçisi Castin Çanq, almaniyalı aktrisa Sandra Hüller, Nyu-York Müasir İncəsənət Muzeyinin Kino bölməsinin baş kuratoru Racendra Roy daxildir. Şekspir Kral Teatrının aktyoru Trudi Stayler və Çili rejissoru Sebastian Lelio da jüridə yer alıb.