Saxa-Yakutiya rejissoru Stepan Burnaşovun “İlk məhəbbət” filmi fevralın 27-də Fransada prokata çıxacaq.
Müxtəlif coğrafiyaların yerli xalqlarının ədəbi və kinematoqrafiya nümunələrini təbliğ edən “Borealia” saytının redaktoru Emili Mey yakut kinosu ilə çoxdan maraqlanır. O, “Kuta”, “Özgə həyat”, “Z respublikası” filmlərinin rejissoru Stepan Burnaşov ilə bir neçə ildir tanışdır.
Rejissorun “İlk məhəbbət” filmi ilk kadrlarından xanım Meyin xoşuna gəlib. Onun sözlərinə görə, bu film Şimalı təkcə adamların ənənəvi milli geyimlərdə gəzib-dolaşdığı soyuq diyar kimi deyil, həm də hər kəs kimi hərarətlə sevməyi bacaran insanların məkanı olaraq göstərməyə imkan verir: “Saxa-Yakut kinosu ilə çoxdan maraqlanırıq. Mən təxminən iyirmi ildir ki, buraya gəlir, çəkilmiş filmlərə tamaşa edirəm. Bu dəfə seyr etdiyimiz filmlər arasında “İlk məhəbbət” Fransa tamaşaçısı üçün ən münasib lentdir. Fransa kinosevərlərinin heç ağlına da gəlmir ki, haradasa, uzaq Sibirdə, Uzaq Şərqdə öz milli kinematoqrafı olan xalqlar yaşayır”.
Emili Mey deyir ki, qaydalara görə, Fransada film təxminən üç ay prokatda qalır. Prokatdakı uğurlarından asılı olaraq digər qurumların kinoteatrları da onunla maraqlana bilər.
GÜLCAHAN