Mədəniyyət müəssisələrində çalışan əməkdaşlarda peşə kreativ səriştələrin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında ixtisasartırma kursları təşkil olunacaq. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən keçiriləcək təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük veriləcək.

Beynəlxalq təcrübəyə əsaslanacaq təlimlərdə müasir peşə təfəkkürü və kreativ səriştələrin mədəniyyət işçiləri tərəfindən mənimsənilməsi məsələləri prioritet təşkil edəcək.

Kurslar pilləli prinsip əsasında konkret mədəniyyət sahələri üzrə keçiriləcək. Təlimlər mədəniyyət müəssisələri arasında təcrübə mübadiləsini, habelə mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə regionlarla yanaşı respublikanın qabaqcıl mədəniyyət müəssisələrində də təşkil olunacaq.

Yeni formatda təlimlərə cəlb ediləcək əməkdaşlar Mədəniyyət Nazirliyi və regional mədəniyyət idarələri ilə razılaşdırıldıqdan sonra mart ayından etibarən fəaliyyətə başlayacaqlar.