Lütfi Məmmədbəyovun ekran personajlarının heç biri pafoslu, mücərrəd təsir bağışlamır

Elə sənətkarlar var ki, adları çəkiləndə bilavasitə Azərbaycan teatr və kino sənəti yada düşür, sənətdə göstərdikləri əvəzsiz xidmətlərə görə xatirələri əziz tutulur, hörmətlə anılır. Xalq artisti, görkəmli teatr və televiziya rejissoru, aktyor Lütfi Məmmədbəyov belə unudulmaz sənətkarlarımızdandır.

Bu gün Azərbaycan teatr və kino sahəsində çalışan, istedad və bacarıqlarına görə geniş tamaşaçı rəğbəti qazanan, sənətdə sözünü deyən aktyorların bir çoxu məhz bu sənətkarın bulağından su içənlərdir. Mahir sənət bilicisi olan Lütfi müəllimin məslək sirləri incəsənəti tələbələrinə daha çox sevdirirdi. Həyat verdiyi obrazların böyük-kiçiyinə fərq qoymayan sənət fədaisi ömrünün sonunadək məsləyinə sadiq qaldı.

Lütfi Şahbaz oğlu Məmmədbəyov 1927-ci il fevralın 6-da Ağdaşda dünyaya göz açıb. Uşaq olarkən ailəsi Bakıya köçüb. Paytaxtdakı 29 saylı orta məktəbdə oxuyub, səkkizinci sinfi bitirdikdən sonra Bakı Teatr Məktəbində təhsil alıb. Tələbəlik illərində (1943-1947) Gənc Tamaşaçılar Teatrında oynanılan tamaşalarda epizodik rollarda çıxış edib. Sonralar (1947-1949) Musiqili Komediya Teatrında işləyib. 1949-cu ilin sonlarından 1961-ci ilədək Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. 1961-ci ildə Akademik Milli Dram Teatrında əvvəlcə aktyor, sonra isə rejissor kimi çalışıb. Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Rejissorluq fakültəsini bitirib. 1974-cü ildə Əməkdar artist, 1991-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 1997-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Sənətkar həm də Azərbaycan Teatr Xadimləri  İttifaqının “Qızıl dərviş” mükafatı laureatı idi. 2004-cü ildə vəfat edib.

Ölkəmizin müxtəlif teatrlarında çalışan L.Məmmədbəyov fərqli janr və mövzulu tamaşalarda rol alıb. Yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan səhnə əsərlərində oynadığı dramatik və komik çalarlı obrazları onun sənət anlayışını zənginləşdirib, praktik və nəzəri biliyi personajların daxili dünyasının açılmasına şərait yaradıb.

 

Kiçik planda böyük məharət

 

İstedadlı aktyor teatr fəaliyyəti ilə paralel olaraq bir neçə filmdə də rol alıb. Bu rolların bir çoxu aparıcı olmasa da, personajların həyat mövqeyinin aktyor yaradıcılığındakı dəqiq təfsiri obrazların ekran əsərlərinin əsas qüvvəsi kimi qəbul olunub. Buna görə də L.Məmmədbəyovu tərəddüdsüz Azərbaycan kinosunun simalarından adlandıra bilərik.

Sənətkar milli kinomuzda yeddi filmdə rol alıb. “Bəxtiyar” (1955) filmində Bəxtiyarın dostu (Həbib), “O olmasın, bu olsun”da (1956) Sərvərin dostu, “Qızmar günəş altında” (1957) ekran əsərində Xəlil, “Yeni il gecəsində” (1958) qısametrajlı filmində bəstəkar, “Səhər”də (1960) Aslan, “Leyli və Məcnun”da (1961) qul, “Sehrli xalat”da (1964) Eynulla müəllim obrazlarını yaradıb. Göründüyü kimi, bu ekran əsərləri janr və məzmununa görə fərqlidirlər. Obrazların uğurlu alınmasında vacib amil isə aktyorun sənət texnikasından, özünəməxsus yaradıcılıq priyomlarından, dəqiq xarakterizə etdiyi mimika cizgilərindən, nitq qabiliyyəti və diksiyasından, xarici görünüşündən kamera qarşısında məharətlə istifadə etməsidir.

Kinorejissorlar üçün Lütfi müəllimlə işləmək maraqlı olduğu qədər də asan idi. Çünki gənc yaşlarından sənətdə püxtələşən aktyora obrazın yaşadığı dövrü və həyat mövqeyini anlatmaq kifayət edirdi ki, aktyor rola uyğun xarakter nümayiş etdirsin. Onun hər bir ekran qəhrəmanının özünəməxsus cizgiləri, xarakteri tamaşaçı yaddaşına həkk olunurdu. Sənət bilicisinin obraza yanaşma tərzi onun zəngin nəzəri bilgisinin təfsilatı idi.

L.Məmmədbəyovun kinoda aktyor kimi debütü olan “Bəxtiyar” filmində canlandırdığı epizodik obrazın yaddaqalma səbəbini araşdıraq. Onun yaratdığı personaj dostluğa sadiq, sözündə düz, işində məsuliyyətli, əliaçıq xarakterə malik müsbət qəhrəmandır. Filmdə qısa müddət ərzində rolun şəxsi mövqeyini bildirmək üçün aktyor bacarığını səfərbər edib. Sənətin estetik dərinliklərinə nüfuz edərək ekran qəhrəmanının yaddaqalan olması üçün onun mərdlik və cəsarətini sadə üsullarla tamaşaçıya çatdırıb.

Yüksək mənəvi dəyərlərə, ideallara malik insanların mövcudluğu cəmiyyət tərəfindən həmişə arzu olunur. Yaradıcılıq prosesində ideal anlayışı zaman və məkan çərçivəsində müxtəlif problemlər zəminində meydana çıxır. Kiçik həcmli rolun sima və xarakter baxımından yaddaqalma səbəblərindən biri də məhz  personajın spesifik cəhətlərinin qabarıq, eyni zamanda pafosdan kənar, inandırıcı təqdim olunmasıdır. Bu isə ədəbi əsərin aktyor tərəfindən mənimsənilməsi, rolun mahiyyətini dəqiq bilməsi deməkdir. Deməli, L.Məmmədbəyov kiçik planlı rolunu belə məntiqlə və sənətkarlıqla təqdim etdiyinə görə tamaşaçıların rəğbətini qazanırdı.

Aktyorun unudulmaz kino obrazlarından biri də “Səhər” filmindəki Aslandır. Aslan dövrün reallığından irəli gələn səbəblərdən sinfi bərabərsizliyə qarşıdır. O öz ideyası, sağlam təfəkkürü, nəcib əməlləri və incə qəlbinə görə müasirlərindən seçilir. Ailəsinin bir çoxlarından yaxşı dolanmasına baxmayaraq, haqsızlıqlara dözmür və məzlumlara, imkansızlara kömək edir. Aslan obrazı bütün dövrlər üçün aktual və müasirdir. Sadə həyat sürən personajın dəyərli və vacib, örnək timsallı  xüsusiyyətlərini hafizələrə yazmaq isə aktyordan istedadla yanaşı məsuliyyət də tələb edirdi. L.Məmmədbəyov həyat verdiyi obrazın daşıdığı sosial-ictimai yükün ağırlığını dərk edir, tamaşaçıya sənətkarlıqla çatdırmağa çalışırdı.

Görkəmli kinorejissor Ağarza Quliyev XX əsrin əvvəllərində neft Bakısında baş verən dramatik hadisələrin mahiyyətinin ciddiliyinə vararaq (ssenari müəllifi Mehdi Hüseyn) əsərin ekran təfsilatında müasirlik ideyasını da qabardıb. Müasirlik duyğusu hünərdir, cəsarətdir, azadlıq istəyidir, xarakter tamlığıdır, maarifləndirmək, habelə ailəyə hörmət, sevgiyə dəyər, sülhə çağırışdır və s. Bütün bunlar Aslanın şəxsiyyətində cəmlənib. O, mərddir, cəsurdur, sevgisinə sadiqdir, dostluqda dönməzdir.

“Qızmar günəş altında” filmində L.Məmmədbəyovun oynadığı Xəlil obrazı kiçik planlı olsa da, yaddaqalandır. Xəlil cəsarəti və bacarığı ilə cəmiyyətə nümunə olmağı, düşüncə və zəhməti sayəsində təsir etməyi bacarır. O, zəhmətkeş insanların müdafiəçisidir. Mürsəl, Piri oğlu, Sərdarov kimilərin neqativ cəhətlərini ifşa edə bilir. Diqqətçəkən məqam odur ki, L.Məmmədbəyovun canlandırdığı ekran personajlarının heç biri diksiya və ifa baxımından pafoslu, dumanlı və mücərrəd təsir bağışlamır. Bu obrazların hər birinin dəqiq ünvanı olan mesajı, xarakteristikası, həyata baxışı var.

“Sehrli xalat” filmindəki mehriban və ziyalı Eynulla müəllim obrazı isə sanki aktyorun həyatdakı prototipidir. Axı eynilə həyatda da tələbələrinə ata qayğısı ilə yanaşan Lütfi müəllimi auditoriya sevərək dinləyər, sənətkarın peşə sirlərini mənimsəyərdi. Bəlkə buna görədir ki, onun adı çəkiləndə tələbələrinin gözündə sevgi, çöhrəsində təbəssüm yaranır.

L.Məmmədbəyov Azərbaycan kinosu üçün bir tapıntı idi. Çünki filmlərdə onu gördükdə tamaşaçı ciddi bir ekran əsərini izlədiyinin fərqinə varır. Biz “Sehrli xalat” filmini fantastik macəra janrında izləsək də, yaradıcı heyətin bacarıq və səyi nəticəsində təqdim olunan rəvayətlər real təəssürat yaradır. Çünki ekran çərçivəsindəki peşəkar atmosferdə zaman və məkan ayrılıqlarının nağıl formasını məntiqli təfsilatda izləyirik. Astronomik bir məkanda səmavi bilgiləri tədris edən Eynulla müəllimin kiçik bir zaman çərçivəsində müsbət cəhətini də görürük. O, kosmik gəmiyə təsadüfən gələn məktəblilərdə (Rəşid və Zərifə) xalatı gördükdə onun sehrbaz vasitəsilə uşaqlara verildiyinə inanmır və “sehrli xalat” anlayışını onların xəstələnməsi kimi qəbul edir. Bu isə aktyor yaradıcılığında örnək müəllim-şagird münasibətinin daha bir təcəssümüdür.   

Aktyorun hər bir çıxışı filmlərdə ekran təhkiyəsi yaradır, tamaşaçıya kinonun mahiyyətini, həyat üçün vacibliyini anladır. Bu mənada “Mücrü” qısametrajlı bədii televiziya filmində aktyorun qüsursuz səs tembri ilə mövzunun məntiqli məzmununu peşəkar səviyyədə təhlil və təqdim etməsini də misal göstərmək olar. 

Novator sənətkarın yaradıcılığı arzulanan və seviləndir. Çünki o, bir neçə məşhur televiziya tamaşasına quruluş verməklə yanaşı, ilk Azərbaycan çoxseriyalı bədii televiziya filmini də (“İtkin gəlin”) sənətsevərlərə təqdim edib.

Lütfi Məmmədbəyov yaradıcılığı, obrazlarının sənətkarlıq keyfiyyətləri haqqında daha geniş bəhs etmək olar. Buna səbəb isə onun sənətinə olan sevgisinin böyüklüyüdür.

Şəhla ƏMİRLİ
kinoşünas