Tağıyev pasajı – “Köhnə univermaq”

Ötən əsrin əvvəllərində neft bumu nəticəsində Bakının Rusiya İmperiyasının ən zəngin şəhərlərindən birinə çevrilməsi şəhərin memarlığında da öz izini qoyurdu.

Şəhərdə yeni infrastruktur yaradılır, çoxmərtəbəli yaşayış binaları, ticarət mərkəzləri, mağazalar tikilirdi. Təbii ki, onların əksəriyyəti şəhərin mərkəzi küçələrində inşa edilirdi.

XX əsrin əvvəllərində Tağıyev pasajı, daha sonralar “Köhnə univermaq” kimi tanınan bu bina həmin tikililərdən biridir. Bina inşa ediləndən ticarət mərkəzi kimi fəaliyyət göstərib. İlk illərdə pasajı Bakı milyonçusu N.M.Şagidanov idarə etsə də, 1903-cü ildə onu Hacı Zeynalabdin Tağıyevə verir və el arasında “Tağıyev pasajı” deyimi də elə buradan yaranır.

Tağıyev yalnız böyük sərvət sahibi kimi deyil, həm də özünün maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalıb. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Bakıda ilk teatr binası tikilmiş, at-dəmir yolu (konka) işə salınmış, bir çox başqa tikililər ucaldılmışdı. Şəhərin mərkəzində bir sıra dükan və kontorların yerləşdiyi Ticarət evi – Tağıyev pasajı 1896-cı ildə Hacının sifarişi ilə tikilmişdi. Bina arxitektor Kazimir Skureviçin layihəsi əsasında klassik üslubda inşa edilib.  Binanın yerləşdiyi küçə həmin dövrdə Olqinskaya adlanırdı. Küçə Qafqaz canişini  Mixail Nikolayeviç Romanovun xanımı knyaginya Olqa Fyodorovnanın şərəfinə adlandırılmışdı. Daha sonralar, sovet dövründə bu küçə Caparidze adlanmışdı, hazırda isə Məhəmməd Əmin Rəsulzadənin adını daşıyır.

Tağıyev pasajı sovet zamanında “Köhnə univermaq” və ya BUM (Bakı universal mağazası) adlanırdı. Hazırda həmin binada bir neçə brendə aid geyim dükanları yerləşir. Onu da qeyd edək ki, ikimərtəbəli binada vaxtilə kiçik tamaşa salonu da fəaliyyət göstərib.

Lalə AZƏRİ