Azərbaycan Xalça Muzeyində “Tarixə və ənənəyə toxunuş” adlı sərginin açılış mərasimi keçirildi.

Görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulan sərgi Azərbaycanda bu qəbildən ilk sosial layihədir. Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Azersun Holding” şirkətlər qrupunun təşkilatçılığı ilə reallaşıb. Ekspozisiyanın əsasını Türkiyənin GEA – Arama, Xilasetmə, Ekoloji və İnsani Yardım İctimai Təşkilatının səyyar sərgisi təşkil edir.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva layihənin əhəmiyyətini yüksək qiymətləndirdi.

Bildirdi ki, ölkəmizdə sağlamlıq imkanları məhdud olan insanların sosial müdafiəsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Onların cəmiyyətə inteqrasiyası, maddi və mənəvi tələbatlarının ödənilməsini təmin etmək dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Sözügedən sərgi də bu diqqət və qayğının bariz nümunəsidir.

Diqqətə çatdırıldı ki, GEA-nın səyyar sərgisi indiyədək bir sıra ölkələrdə nümayiş etdirilib. Kolleksiyaya dünya muzeylərinin məşhur eksponatlarının surətləri, gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstləri daxildir. Sərgidə həmçinin Azərbaycan Xalça Muzeyi Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən xüsusi olaraq bu layihə üçün hazırlanan xalça nümunələri də yer alıb. Onların arasında xovlu xalçalarla yanaşı, xovsuz xalçaların palaz, kilim, şəddə, zili  kimi növlərini görmək mümkündür. Hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud olan insanlar taktil (toxunma) üsulla duya bilir. Bundan əlavə, bütün eksponatlara xüsusi audioyazı və Brayl əlifbası ilə yazılmış materiallar əlavə olunub. Həmin audioyazı və materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir.

Nazir müavini onu da bildirdi ki, sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün xovlu və xovsuz xalçaların toxunması və makrame üzrə ustad dərsləri təşkil olunacaq.

Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxışında qeyd etdi ki, sərgi ölkəmizdə bu istiqamətdə reallaşan pilot layihədir. Onun sözlərinə görə, ötən il muzeyi 110 mindən artıq insan ziyarət edib. Bu ziyarətçilərin arasında fiziki məhdudiyyətli insanlar da var: “Burada yerləşən qədim və unikal eksponatlara toxunmaq olmaz. Ancaq müxtəlif toxuma texnikalarını ayırd etmək üçün xalçalara əllə toxunmaq lazımdır. Ona görə də  biz xovsuz xalçaların müxtəlif nümunələrini toxutdurduq. Görmə qabiliyyəti məhdud olan insanlar üçün bu çox vacibdir. Biz bu gün bu addımı atdıq.  Hər zaman muzeydə innovativ layihələrin reallaşmasına üstünlük veririk”.

“Azersun Holding” şirkətlər qrupunun vitse-prezidenti Tahir Gözəl də layihənin əhəmiyyətindən danışdı: “Layihənin əhəmiyyəti ondadır ki, dünya işığına həsrət olan insanlar burada tarixə toxuna biləcəklər. Bu işdə zəhməti olan hər kəsə təşəkkür edirəm”.

Mərasimdə “Söz” ədəbi layihəsinin rəhbəri, şairə Nigar Həsənzadə və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Reyhan Cəfərova da çıxış edərək layihənin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür etdilər.

Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış oldular. “Tarixə və ənənəyə toxunuş” sərgisi martın 1-dək davam edəcək.

FARİZ