Dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin musiqiləri onun ad günündə Fransanın “Mezzo” telekanalında səsləndirilib.

“Les Films de la Decouverte” şirkətinin görkəmli bəstəkarımıza həsr edilmiş musiqili sənədli filmi Fransanın radio və televiziya kanallarında müntəzəm olaraq yayımlanır. Avropalı musiqisevərlərin marağına səbəb olan film Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə çəkilib.

Qara Qarayevin anadan olmasının 100 illiyi çərçivəsində hazırlanan filmdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov nüfuzlu “Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını və 24 prelüdünü səsləndirib.

Qeyd edək ki, fevralın 5-də efirə gedən film fevralın 13-də, 15-də, 19-da və 21-də kanalda təkrar yayımlanacaq. Klassik musiqi, caz, musiqi folkloru və balet sənəti üzrə ixtisaslaşmış “Mezzo” kanalı 1992-ci ildən fəaliyyət göstərir.