“Çölçü” filmi “L’Age d’Or International Arthouse Film Festival”ın (LIAFF) bu ilin yanvar ayı üçün “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor” (Şamil Əliyev), “Ən yaxşı aktrisa” (Salome Demuria), “Ən yaxşı ikinci plan aktyoru” (Vidadi Həsənov) mükafatlarına layiq görülüb.
Bu barədə filmin rejissoru Şamil Əliyev bildirib. Onun sözlərinə görə, bu mükafatlara layiq görülməklə film, eyni zamanda “Pıgeon D’or Awards” mükafatının nominantı da elan olunub.
LIAFF hər ay müxtəlif nominasiyalar üzrə seçilən filmləri elan edir. Qaliblərə mükafatlar oktyabrda Hindistanın Kəlküttə şəhərində təqdim olunacaq.
“Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 40-dan çox festivalda iştirak edərək mükafatlara layiq görülüb.
Ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.