“Bir millət, mədəniyyətlərin müxtəlifliyi...” devizi altında gerçəkləşən festival tarixi-mədəni irsdən folklor və mətbəxədək geniş spektri əhatə edir
Xəbər verdiyimiz kimi, Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində İslam Əməkdaşlıq Təşkilatı Festivalı (Festival of the Organization of İslamic Cooperation) keçirilir. Fevralın 5-də başlanan festivalda 20-dən artıq ölkənin nümayəndələri iştirak edir.
İslam Əməkdaşlıq Təşkilatı Katibliyinin təşəbbüsü və üzv ölkələrin dəstəyi ilə “Bir millət, mədəniyyətlərin müxtəlifliyi...” şüarı altında gerçəkləşən festival tarixi-mədəni irsdən folklor və mətbəx mədəniyyətinədək geniş spektri əhatə edir.
İlk dəfə təşkil olunan festivalın məqsədi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xalqlarının yaxınlaşması, eləcə də quruma üzv olmayan ölkələrdəki müsəlman icmalarına dəstək, İslam dünyasında xalqların vahid din və adət-ənənə, dil və irs müxtəlifliyi əsasında həmrəyliyinin möhkəmləndirilməsidir.
Festivalda ölkəmiz də təmsil olunur. Tədbirə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb. Heyətə xanəndə, Xalq artisti Simarə İmanova ilə birgə muğam üçlüyü, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri daxildir.
Sənətçilərimiz Qahirə Opera Teatrında təşkil olunan açılış mərasimində çıxış ediblər. Muğam üçlüyünün ifası, rəqs qrupunun çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı 20-dən çox ölkənin folklor və musiqi kollektivləri də iştirak edir.
Festivalın açılış mərasimində İslam dünyasına xüsusi töhfələri olan şəxslər təltif olunub. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə də mükafata layiq görülüb.
Tədbir çərçivəsində Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb. Baş katib bildirib ki, Prezident İlham Əliyevin Şərq və Qərb sivilizasiyasını dialoq platforması ilə daha da yaxınlaşdırmaq təşəbbüsü real nəticələrini verir. Bunun nəticəsidir ki, Azərbaycan Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayır.
Şeyxülislam A.Paşazadə İslam Əməkdaşlıq Təşkilatının müsəlman ölkələrində gördüyü işlərin sülhə və tərəqqiyə səbəb olduğunu bildirib, qurumun təşkilatçılığı ilə baş tutan festivalın davamlı olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, fevralın 9-dək davam edəcək festivalın proqramı müxtəlif mədəni və bədii tədbirləri, elmi seminarları, təqdimatları əhatə edir. Silsilə tədbirlər Qahirə Opera Teatrında, Əl-Hənacir İncəsənət Mərkəzində, Böyük İslam Muzeyində, Ərəb Dövlətləri Liqasının binasında, Əl-Əzhər əş-Şərif və digər yerlərdə təşkil edilir. Proqrama beynəlxalq islam təsisatları – İslam Tarix, İncəsənət və Mədəniyyət Mərkəzi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi, İslam Həmrəylik Fondu, həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) və s. qurumların təqdimatları da daxildir.
Festival çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı dövlətlərinin Xəbər Agentlikləri Birliyinin (UNA) fotosərgisi də təşkil olunub. Sərgidə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotoları da yer alıb. Sərginin ziyarətçiləri Azərbaycanın tarixini, müasir memarlıq nümunələrini, turizm potensialını əks etdirən fotolarla tanış olurlar.