Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində reallaşan növbəti konsert görkəmli xanəndə, Xalq artisti Əbülfət Əliyevin yaradıcılığına həsr olunub.
Tanınmış incəsənət ustalarının iştirakı ilə təqdim olunan konsertdə bir-birindən parlaq mahnılar səsləndirilib.
Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbəri olduğu “Səadət” instrumental ansamblının müşayiəti ilə gerçəkləşən konsert proqramının sonunda xanəndələr – Xalq artisti Təyyar Bayramov, əməkdar artistlər İlkin Əhmədov və Ehtiram Hüseynov “Dolanaram başına” mahnısını birgə ifa ediblər.
Beynəlxalq Muğam Mərkəzində milli ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədilə müxtəlif layihələr həyata keçirilir.
“Mədəniyyət” kanalı ilə birgə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Yaradanlar və yaşadanlar” layihəsi ölməz sənətkarların irsini gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi daşıyır.