Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası rəhbərliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə 2018-ci ildə Rusiya paytaxtında musiqiçilərimizin iştirakı ilə silsilə konsertlər keçirilib.

2018-ci ilin 16 noyabr tarixində Moskva Dövlət Konservatoriyasının Ağ zalında tanınmış pianoçu, Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyovanın, dekabrın 17-də Raxmaninov zalında Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəridə Məmmədova və konsertmeyster Yuliya Kərimovanın iştirakı ilə konsertlər olub.

Dekabrın 18-də Raxmaninov zalında dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevin 100 və Azərbaycanın Xalq artisti, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayevin 75 illiyinə həsr olunmuş yubiley gecəsi təşkil edilib. Konsertlərdə Azərbaycan bəstəkarları ilə yanaşı, xarici ölkələrin bəstəkarlarının da əsərləri səslənib və rusiyalı tamaşaçıların böyük marağına səbəb olub.

“Azərbaycan musiqiçiləri Moskva Dövlət Konservatoriyasının kamera zallarında” silsiləsinin davamı olaraq 2019-cu ildə də konsert proqramları nəzərdə tutulub.

Fevralın 16-da Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti, professor, Türkiyədə yaşayan həmyerlimiz Gülşən Ənnağıyevanın iştirakı ilə “İbarələr” (“Фразы”) adlı fortepiano musiqisi axşamı keçiriləcək.

Konsertdə Gülşən Ənnağıyevanın ifasında Edison Denisov, Olivye Messian, Viktor Yekimovski, Nazim Mirişli, Yuri Vorontsov, Klod Debüssi və Fərəc Qarayevin əsərləri səslənəcək.