Fevralın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Kamal Əhmədovun 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov yubilyarın həyat və yaradıcılığından danışıb. Bildirib ki, konservatoriyada görkəmli bəstəkar Xəyyam Mirzəzadənin sinfində sənətin sirlərini mənimsəyən K.Əhmədov təhsil illərində fortepiano üçün “Prelüd və fuqalar”, “Variyasiyalar”, tar üçün “Sonata”, simli alətlər ansamblı üçün “Kvartet”, diplom işi kimi böyük simfonik orkestr üçün “Cavid” simfonik poemasını yazıb.

Bəstəkarın xalq çalğı alətləri orkestri üçün yazdığı “Cəngi”, “Süita”, “Naxçıvan eskizləri”, “Rekviyem” kimi əsərləri öz orijinallığı ilə fərqlənir. Mahnı yaradıcılığında naxçıvanlı şairlərin əsərlərinə müraciət edən K.Əhmədov “Qızlar bulağı”, “Qoşa çinar”, “Gözlərinə baxan zaman”, “Zəfər marşı”, “Anacan”, “Milli Ordumuz”, “Bənövşə”, “Unutdun məni”, “Bu yolu seçdim”, “Keçmə” və digər mahnıların bəstəkarı kimi tanınır. O, həmçinin “Dəli yığıncağı”, “Dirilən adam”, “Fərhad və Şirin” tamaşalarına musiqi yazıb.

Gecədə Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.