Azərbaycanlı rejissor Elmar İmanovun çəkdiyi “Mövsümün sonu” filmi Rotterdam Beynəlxalq film festivalında (Niderland) “FIPRESCI” mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimində filmin əsas heyəti də iştirak edib. Mərasimdə çıxış edən rejissor festivala dəvətə görə təşəkkürünü bildirib, mükafata layiq görüldükləri üçün məmnun olduqlarını deyib.

Mükafatın sevincini qəzetimizlə bölüşən Elmar İmanov rejissor və prodüser kimi bütün komandanın festivalda iştirakından şad olduğunu bildirdi: “Festivalda filmin ilk nümayişi həm də dünya premyerası idi. Nümayiş zamanı bütün kollektivin bir arada olması və filmin beynəlxalq kino tənqidçilərinin “FIPRESCI” mükafatına layiq görülməsi sevindirici hadisə idi. Layihəni dəstəkləyənlərə, o cümlədən  “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmova minnətdarlığımı bildirirəm. Almaniyadan olan əsas prodüser Eva Blondiau, filmin yaradıcı heyəti  olmadan yəqin ki, belə uğurlu bir iş ərsəyə gəlməzdi. İnanıram ki, tezliklə “Mövsümün sonu”nun Azərbaycanda da premyerasını reallaşdırmaq mümkün olacaq”.

Festivalda iştirak edən baş rol ifaçısı, Əməkdar artist Rasim Cəfərov ekran əsəri haqqında məlumat verdi. Qeyd etdi ki, film ailə-məişət mövzusundadır. Bir ailədə yaşayan ata, ana və oğulun münasibətləri, üç fərqli insan, üç fərqli düşüncə və bir-birindən bezmiş bu insanların daxili problemləri diqqət mərkəzinə çəkilir. Yanvarın 23-dən fevralın 3-dək davam edən festivalın proqramının çox zəngin olduğunu deyən aktyor digər ölkələrdən olan həmkarları ilə ünsiyyətin də əhəmiyyətini vurğuladı: “Festival çərçivəsində “Mövsümün sonu” filmi bir neçə dəfə nümayiş olundu. Hər nümayişdən sonra biz auditoriya ilə ünsiyyətdə olurduq. Onların suallarını cavablandırırdıq. Hər kəs filmlə bağlı fikirlərini bölüşürdü. Film çox yaxşı qarşılandı, münsiflər müsbət fikirlər səsləndirdi. Tamaşaçıların ekran əsəri haqqında gözəl sözləri də bizi sevindirirdi. Film Avropa tamaşaçısının diqqətini cəlb edə bildi. Festivalın “Bright Future” (“Parlaq gələcək”) proqramında 19 film yarışırdı. Bu filmlərdən ikisi mükafata layıq görüldü ki, onlardan biri də “Mövsümün sonu” oldu”.

Rasim Cəfərov bir sıra kütləvi informasiya vasitələrində film haqqında çoxsaylı materialların dərc olunduğunu da diqqətə çatdırdı.

Qeyd edək ki, “Color of May” kinoşirkətinin C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Azharifrey”, “Maisis Peri” şirkətləri ilə müştərək ərsəyə gətirdiyi ekran əsərinin çəkilişləri ölkəmizdə aparılıb. Filmdə əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfərov, aktyorlar Zülfiyyə Qurbanova, Mirmövsüm Mirzəzadə və başqaları ifa ediblər.

LALƏ