Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair, Əməkdar incəsənət xadimi Əli Tudənin (1924-1996) anadan olmasının 95 illiyi münasibətilə ədəbi-bədii gecə təşkil edilib.
Tədbiri kitabxananın direktoru Oruc Quliyev açaraq Əli Tudənin həyat və yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Cənub həsrəti ilə yaşayıb-yaradan şair poeziyamıza rəngarəng, zəngin ədəbi irs bəxş edib. Onun yaradıcılığının əsas qayəsini vətənpərvərlik, xəlqilik, yüksək ideallar təşkil edir.
Əməkdar jurnalist Rəhim Hüseynzadə, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli şairin ədəbi yaradıcılığının ideya-bədii xüsusiyyətlərindən bəhs ediblər.
Gecədə Əli Tudənin öz səsində “Mən nə gətirdim” şeiri ilə başlanan sənədli film nümayiş olunub. Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələrinin ifasında şairin şeirləri səslənib.
Mərhumun oğlu Natiq Əli Tudə atası haqqında xatirələrini bölüşərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Sonda “Əli Tudə - 95” adlı kitab sərgisinə baxış keçirilib.