Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Qara Qarayevə həsr olunmuş “İntibahdan XX əsrə doğru...” adlı tədbir keçirilib.
Musiqişünas Pərvin Səfərli bəstəkarın yaradıcılığını dünya mədəniyyəti kontesktində bəstəkar və xalq yaradıcılığı ilə müqayisəli şəkildə təhlil edib.
Qara Qarayev yaradıcılığında İ.S.Bax ənənələrinin təzahürü, xalq musiqisinə yanaşma tərzindən bəhs olunub, sənətkarın professional caza münasibəti, ispan mədəniyyəti və Yeni Vyana məktəbi ənənələrinin əks olunduğu məqamlar, A.Berq və Q.Qarayevin violin konsertlərindən fraqmentlər videoçarx vasitəsilə təqdim olunub.
Nərgiz Əliyeva, Münəvvər Alıyeva, Jalə Quliyeva və Mahir Tağızadənin ifasında bəstəkarın prelüdləri, “Üç noktürn” silsiləsindən “Yay gecəsi” səslənib.
* * *
Milli Kitabxanada “Unudulmaz bəstəkar – Qara Qarayev” adlı kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərgidə Qara Qarayevin not əsərləri, əlyazmaları, səsyazıları və CD-lər, kinofilmlərə və dram tamaşalarına yazdığı musiqi əsərləri, dövri mətbuatda və məcmuələrdə dərc edilmiş məqalələri, habelə Azərbaycan və müxtəlif dünya dillərində həyat və yaradıcılığı haqqında yazılmış 200-dən çox nəşr yer alıb.
* * *
Sabirabad Regional Mədəniyyət İdarəsində “Qara Qarayev: Şərq və Qərbin vəhdəti” adlı tədbir keçirilib. Tədbirdə idarənin rəisi Əhməd Ramazanov, Sabirabad rayon Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin direktoru Ceyran Xəlilova çıxış edərək Qara Qarayevin Azərbaycan və dünya musiqisinə töhfələr vermiş zəngin yaradıcılığından söz açıblar.