Parisdə ilk dəfə solo konsert verən məşhur tenor doğma şəhərində də sənətsevərlərlə görüşə hazırlaşır
Dünya şöhrətli azərbaycanlı tenor, Xalq artisti Yusif Eyvazov fevralın 7-də Paris Operasının Qavo (Gaveau) konsert zalında solo konsertlə çıxış edib.
Konsert öncəsi Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində sənətçinin mətbuat konfransı keçirilib. Fransadakı səfirliyimizin müşaviri Vaqif Ağayev azərbaycanlı tenor haqqında məlumat verib. Yusif Eyvazov özünün vokalçılıq fəaliyyəti, Azərbaycan musiqi sənəti barədə jurnalistlərin suallarını cavablandırıb.
Azərbaycanın qədim musiqi ənənəsi olduğunu vurğulayan Y.Eyvazov ölkəmizin bəstəkarlıq məktəbi haqqında geniş məlumat verib, eləcə də tanınmış opera ifaçıları Bülbül, Lütfiyar İmanov haqqında danışıb. Bildirib ki, ölkəmizdə klassik musiqi sahəsində olduğu kimi, opera sahəsində də tarixi ənənələr qorunur: “Azərbaycanın zəngin musiqi irsi var. Opera musiqisi sahəsində Azərbaycan məktəbinin xüsusi yeri mövcuddur.
Klassik musiqi irsinin yaşadılması, gələcək nəsillərə çatdırılması sahəsində bəstəkarlarımız, ifaçılarımız musiqi tariximizdə dərin iz qoyublar”.
Sənətçi ölkəmizdə mədəniyyət nümayəndələrinə, xüsusilə də musiqi ifaçılarına xüsusi qayğı göstərildiyini bildirərək, Heydər Əliyev Fondunun bu sahədə fəaliyyətindən söz açıb, gənc musiqiçilərin xaricdə təhsil almasına, festivallarda iştirakına dəstək verildiyini vurğulayıb.
Azərbaycanlı tenor müxtəlif ölkələrdə nəzərdə tutulan konsertləri, beynəlxalq musiqi turları haqqında məlumat verib.
“Parisdə ilk dəfə solo konsert proqramı ilə çıxış edəcəyimə görə həyəcanlıyam, amma inanıram ki, konsert uğurlu keçəcək və musiqisevərlərin ürəyincə olacaq”, – deyə o bildirib.
Məşhur tenor həmçinin doğma şəhərində sənətsevərlərlə görüşə hazırlaşdığını deyib: “Bu ilin may ayında Bakıda konsertimiz olacaq. Konsertə ciddi hazırlıq işləri gedir, yəqin ki, tezliklə dəqiq tarix elan olunacaq”.
İfaçı təəssüflə bildirib ki, işlərinin çoxluğundan Azərbaycana istədiyi kimi tez-tez gedə bilmir. O, doğma şəhəri Bakının gündən-günə gözəlləşdiyini bildirib.