Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun (1988-2010) anadan olmasının 31-ci ildönümü ilə bağlı fevralın 7-də Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxanasının Uşaq şöbəsi Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbində “Əfsanəvi qəhrəman – Mübariz İbrahimov” adlı görüş keçirib.
Məktəb kollektivi ilə birgə təşkil olunan tədbirdə kitabxananın əməkdaşı Gülbəsti Musayeva Milli Qəhrəmanın həyat və döyüş şücaəti haqqında məlumat verib. Məktəbin pedaqoqları Aygün Abdullayeva, Şölə Qasımova, Yeganə Həsənova Mübariz İbrahimovun qəhrəmanlığından danışıb və onun bugünkü gənclərə örnək olduğunu qeyd ediblər.
Şagirdlər vətənpərvərlik mövzusunda və Milli Qəhrəmana həsr olunmuş şeirlər söyləyiblər.
* * *
Sabirabad rayon Mədəniyyət Mərkəzində Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar sərgi açılıb. Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Aynur İsmayılova, Mədəniyyət mərkəzinin direktoru Mirtale Ağazadə Mübariz İbrahimovun misilsiz qəhrəmanlığının əsl vətənpərvərlik və cəsarət nümunəsi olduğunu bildiriblər.
Sərgidə Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi şagirdlərinin Milli Qəhrəmanı təsvir edən rəsmləri, Mübariz İbrahimov haqqında kitablar, fotolar nümayiş olunub.
* * *
Milli Qəhrəmanın doğum günündə Bakıda, Azərbaycan Dillər Universitetində (ADU) “Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” mövzusunda yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
ADU-nun rektoru, müsabiqənin münsiflər heyətinin sədri, akademik Kamal Abdulla Milli Qəhrəman Mübariz İbrahimovun doğma Vətən, torpaq yolunda göstərdiyi igidliklərdən danışıb.
Münsiflər heyətinin üzvü, jurnalist İlham Tumas, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, layihə rəhbəri, ADU-nun tələbəsi Şahin Sərdarlı Milli Qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan bəhs ediblər.
Müxtəlif şəhər və rayonlardan 300-dək tələbə, şagird, müəllim və mütəxəssisin qatıldığı müsabiqənin nəticələrinə görə, 1 nəfər birinci, 2 nəfər ikinci, 3 nəfər üçüncü yerə, 7 nəfər həvəsləndirici mükafata layiq görülüb.