Xəbər verdiyimiz kimi, ölkəmiz fevralın 6-dan 10-dək Belarus paytaxtında XXVI Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunub.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ölkəmizin Belarusdakı səfirliyinin dəstəyi ilə sərgi-yarmarkada milli stendimiz qurulub. “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi Elbəy Əli sərgidə iştirak edib.
Sərgi-yarmarkada ölkəmizlə yanaşı, Qazaxıstan, Rusiya, Çin, Koreya, Finlandiya və Almaniya da böyük ekspozisiyalarla təmsil olunub.
Ölkəmizin stendində Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in, eləcə də müxtəlif nəşriyyatların 100 addan çox kitabı nümayiş olunub. Stenddə ölkəmizin tarixi, müasir inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı kitablar, bədii ədəbiyyat nümunələri sərgilənib. Stendimizi ziyarət edənlərə ölkəmizin mədəniyyəti, tarixi, müasir ədəbiyyatı haqqında məlumat verilib, jurnal, informasiya bukletləri paylanılıb.
Sərgi-yarmarkanın açılış günü ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov, Belarus rəsmiləri, xarici ölkələrin diplomatları, habelə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy stendimizi ziyarət edib. Sərgi-yarmarka günlərində digər iştirakçılarla müxtəlif görüşlər keçirilib.
Azərbaycan poeziyası antologiyası təqdim olunub
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ədəbiyyatımızın beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində ərsəyə gətirdiyi növbəti nəşr – Belarus dilində çap olunan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası. Poeziya” kitabı Minskdə təqdim olunub.
Mərkəzdən verilən məlumata görə, tədbir XXVI Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Belarus Milli Kitabxanasında gerçəkləşib.
Təqdimatda kitabda yer alan şeirləri Belarus dilinə tərcümə etmiş tanınmış şair-tərcüməçilər – Naum Qalperoviç, Tatyana Sivets, Yuliya Aleyçenko və Valeriya Sarotnik çıxış edərək iki ölkənin ədəbi əlaqələrindən, bu cür nəşrlərin xalqlararası anlaşma və mədəni dialoqda əhəmiyyətindən danışıblar.
Belarusun məşhur qiraət ustası Nikolay Leonçik antologiyaya daxil edilmiş Azərbaycan şairlərinin şeirlərini söyləyib.
Tədbirin bədii hissəsində Azərbaycan milli rəqsi nümayiş olunub.
Qeyd edək ki, kitabda müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələri – Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Əli Kərim, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Məmməd Araz, İsa İsmayılzadə, Ələkbər Salahzadə və başqalarının şeirləri toplanıb.
Fariz HÜSEYNOV