Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbinin kollektivi İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Qobustan rayon Təklə kənd Musiqi məktəbinin qonağı olub.
Qonaq kollektiv maraqlı konsert proqramı ilə çıxış edib. Məktəbin nağaraçalanlar ansamblı (rəhbərləri Sarvan Şirinov, Elşən Hüseynov), xalq çalğı alətləri ansamblı (rəhbəri Samir Əhmədov), xanəndəlik sinfi şagirdlərinin ifaları alqışlarla qarşılanıb. Ev sahibi məktəbin şagirdləri də bir neçə musiqi nömrəsi ilə proqrama qatılıblar.
Təklə kənd Musiqi məktəbinin direktoru Gülağa Cəbrayılov və Xırdalan şəhər Musiqi məktəbinin tədris işləri üzrə direktor müavini Nəzakət Vəliyeva çıxış edərək belə tədbirlərin keçirilməsinin, musiqi məktəbləri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayıblar.