Misirin paytaxtı Qahirə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Festivalında (Festival of the Organization of İslamic Cooperation) ölkəmiz uğurla təmsil olunub.
Fevralın 5-dən 9-dək davam edən festivala 20-dən artıq ölkənin nümayəndələri qatılıb.
İslam Əməkdaşlıq Təşkilatı Katibliyinin təşəbbüsü və üzv ölkələrin dəstəyi ilə gerçəkləşən festival tarixi-mədəni irsdən folklor və mətbəx mədəniyyətinədək geniş spektri əhatə edib. İlk dəfə təşkil olunan festivalın məqsədi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xalqlarının yaxınlaşması, eləcə də quruma üzv olmayan ölkələrdəki müsəlman icmalarına dəstək, İslam dünyasında xalqların vahid din və adət-ənənə, dil və irs müxtəlifliyi əsasında həmrəyliyinin möhkəmləndirilməsidir.
Ölkəmizin nümayəndə heyətində yer alan sənətçilərimiz – xanəndə, Xalq artisti Simarə İmanova ilə birgə muğam üçlüyü, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri festivalda çıxış ediblər. Muğam üçlüyünün ifası, rəqs qrupunun çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb.
Festivalın proqramı müxtəlif mədəni və bədii tədbirləri, elmi seminarları, təqdimatları əhatə edib. Festival çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı dövlətlərinin Xəbər Agentlikləri Birliyinin (UNA) fotosərgisi də reallaşıb. Sərgidə AZƏRTAC-ın fotoları da nümayiş olunub. Sərginin ziyarətçiləri Azərbaycanın tarixini, müasir memarlıq nümunələrini, turizm potensialını əks etdirən fotolarla tanış olublar.
Festivalın sonunda Azərbaycan nümayəndə heyəti xüsusi diplom və fəxri fərmanla təltif olunub.