Müasir tamaşaçının mənəvi-estetik zövqünə, səhnə-sənət tələblərinə cavab vermək elə də asan deyil. Xüsusilə, yerlərdəki teatrlarımız repertuar siyasətinə, çağdaş sənət meyarlarına daha həssas yanaşmalıdır. Gəlin, şəhər və rayonlardakı teatrların 2019-cu il repertuarına birlikdə nəzər salaq.

 

70 illik yubiley üçün “Sevgilim Sumqayıt”

 

İlk olaraq paytaxta ən yaxın olan Sumqayıt Dövlət Dram Teatrının yaradıcılıq planlarını gözdən keçirək. Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov bu il də zəngin proqram hazırladıqlarını deyir: “İlk olaraq görkəmli şair-dramaturq Abdulla Şaiqin uşaqlara ünvanladığı “Danışan gəlincik” əsərinə müraciət etmişik. Əsərin səhnə yozumu fevralın sonlarında təqdim olunacaq”.

Rejissorun sözlərinə görə, ikinci tamaşa Sumqayıt şəhərinin 70 illiyinə həsr olunub: “Bilirsiniz ki, 70 yaşlı şəhərin yeni və gözəl dövrünə məxsusi əsər də yazılıb. Dramaturq Əli Əmirlinin qələmə aldığı pyes “Sevgilim Sumqayıt” adlanır. Bu tamaşa noyabr ayına təsadüf edəcək yubiley proqramında da yer alacaq. Əsərin maraqlı süjet xətti var və düşünürəm ki, taleyini bu şəhərə bağlayan insanlar onun səhnə həllini maraqla izləyəcəklər”.

Firudun müəllim daha iki əsərin tamaşaya hazırlanacağını bildirdi. Dövlət sifarişi ilə hazırlanacaq tamaşalardan biri ölkə başçısının sərəncamına əsasən 120 illik yubileyi qeyd olunan Cəfər Cabbarlının “Aydın” əsəridir. Tamaşa Xalq artisti Vaqif Əsədovun quruluşunda mart ayında təqdim ediləcək. Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə müəllifin “Danabaş kəndinin əhvalatları” əsəri səhnələşdiriləcək: “Bir plandankənar tamaşamız da dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasıdır. Bilirsiniz ki, şəhərdə təşkil olunan bütün dövlət tədbirlərində də yaxından iştirak edirik”.

 

Həyata “Teleskop”la baxanlar...

 

Özünəməxsus sənət ənənəsi olan Şəki Dövlət Dram Teatrının builki repertuarı da rəngarəngdir. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli hazırda Xalq yazıçısı Elçinin “Teleskop” pyesinin məşqlərinin getdiyini dedi. Qeyd etdi ki, tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Sahib Əhmədli, musiqi tərtibatçısı Zeynəb Orucova, rəqslərə quruluş verən isə Çingiz Novruzəliyevdir. Əsas rollarda Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Hüseyn Hüseynli, İlkin Rüstəmov, aktrisalar Lalə Məmməd, Günay Novruzəliyeva, Nərmin Abbasova, Fidan Lətifova və başqaları çıxış edəcəklər. Tamaşanın Milli Teatr Günü (10 mart) ərəfəsində teatrsevərlərə təqdim olunması gözlənilir.

Teatrda başqa tamaşalar da hazırlanır: “Hələ ki, oxunuş və masaüstü məşq-müzakirələr aparılır. Çalışırıq ki, teatrımızın ənənəsini qorumaqla hər nəsildən olan tamaşaçıları cəlb edə bilək”.

 

“Qaraca qız” Mingəçevirdə səhnəyə çıxacaq

 

Mingəçevir Dövlət Dram Teatrında da yeni səhnə əsərləri hazırlanır. Bu il 4 yeni səhnə əsəri təqdim edəcəklərini deyən teatrın direktor müavini Vüsal Məmmədov paralel olaraq iki tamaşanın məşqlərinin getdiyini bildirdi. Bunların biri S.S.Axundovun “Qorxulu nağıllar” silsiləsindən “Qaraca qız” əsəridir. İspan yazıçı-dramaturqu Federiko Qarsiya Lorkanın “Qanlı toy”u da teatrın səhnəsində çalınacaq.

Yeniyetmə və gənclərin səhnə zövqünü formalaşdırmağa çalışan yaradıcı heyət repertuar planına “Min bir gecə nağılları”ndan “Əlibaba və qırx quldur”u da daxil edib. Bu tamaşadan savayı Sem Borikin “Janeti necə ərə verməli?” əsəri də səhnələşdiriləcək.

V.Məmmədov tarixi və əlamətdar günlərlə bağlı hərbi-vətənpərvərlik mövzusunda kompozisiyalar hazırladıqlarını da deyir: “Azərbaycan Milli Ordusunun yaranmasında xüsusi rolu olmuş, Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş insanlara, Əfqanıstan müharibəsi veteranlarına həsr olunmuş “Onların ömür yolu: igidlik salnaməsi” adlı kompozisiya bu qəbildəndir. Bu səhnələşdirmənin müəllifi Xalq artisti Ella Yaqubovadır. Səhnə işində Əməkdar artist Şıxı Yaqubov, aktyorlar Aydın Quliyev, Afət Əliyeva, Qabil İbrahimli və teatrın nəzdində fəaliyyət göstərən “İnam” studiyasının gəncləri iştirak edirlər. Fevralın 15-də baş tutacaq aksiya  Mingəçevir Şəhər İcra Hakimiyyəti və Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə hazırlanıb”.

 

Lənkəran teatrında “Şənbə axşamı”

 

N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov da qızğın yaradıcı iş apardıqlarını bildirdi. Onun sözlərinə görə, hazırda teatrda qırğız yazıçısı Mar Bayciyevin “Şənbə axşamı” əsərinin məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Oruc Qurbanovdur.

Lənkəran sənətsevərləri bu il serb yazıçısı Miodraq Bulatoviçin “Qodo gəldi” əsərinə baxa biləcəklər. Bundan əlavə, Adil Zeynalovun quruluşunda Vaqif Əlixanlının “Dənizə baxan pəncərə” əsəri səhnələşdiriləcək. Tamaşaçılar Əli Əmirlinin “Ünvansız qatar” pyesinin səhnə həllini də bu səhnədə görəcəklər. Tamaşanın quruluş müəllifi Emil Əskərdir.

 

“Müharibə” və “Dönüş”

 

Gəncə Dövlət Dram Teatrının yaradıcı heyəti hazırda Eduardo de Filipponun “Silindr” əsərinin məşqlərinə başlayıb. Bu barədə teatrın baş rejissoru İradə Gözəlova məlumat verdi. Eskizlər üzərində işin başa çatdığını deyən rejissor tamaşanın mart ayının sonlarında təqdim olunacağını əlavə etdi. Qeyd edək ki, bu əsər dövlət sifarişi ilə hazırlanır.

Bundan başqa, teatrda Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə dramaturqun “Dönüş” əsəri də səhnələşdiriləcək.

İ.Gözəlova mövzu müxtəlifliyinə çalışdıqlarını, xarici və yerli müəlliflərə müraciət etdiklərini bildirdi. Gəncəli teatrsevərlər bu il İsveç dramaturqu Lars Nurenin “Müharibə”, Novruz Cəfərovun “İki dəlisovun gündəliyi” tamaşalarını izləyə biləcəklər.

 

“Sadığın toyu”, “Bir saat xəlifəlik”

 

Cəbhə bölgəsində olmasına rəğmən yaradıcılıq əzmini qoruyub saxlayan Füzuli Dövlət Dram Teatrının da bu il üçün seçdiyi məxsusi repertuar var. Teatrın səhnəsində Sahib İbrahimlinin “Sadığın toyu”, Əli Səmədlinin “Əhmədin vəfalı xoruzu”, Yusif Əzimzadənin “Nəsrəddin”, Abdulla Şaiqin “Bir saat xəlifəlik” əsərləri tamaşaya qoyulacaq.

Teatrdan verilən məlumata görə, hazırda “Sadığın toyu”nun məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Rollarda Əli Hüseynov, Sevinc Məmmədova, İntizar Quliyeva, Habil Hacıyev, Qaçaq Qarayev, Sehran Xanlarov və başqaları çıxış edirlər. Tamaşa fevral ayının sonlarında teatrsevərlərə təqdim olunacaq.

Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi üzrə “Şəhid şəhər Xocalı” adlı poetik xalq tamaşasının da məşqləri gedir. Tamaşa fevralın 20-dən etibarən rayonun işğaldan azad olunmuş kəndlərində, qəsəbələrdə və hərbi hissələrdə təqdim ediləcək.

* * *

Qarabağdakı daha bir sənət məkanı – Ağdam Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Novruz Cəfərovun bildirdiyinə görə, repertuar planına uyğun olaraq teatrın aktyoru və rejissoru Kərim Həsənovun “Cadu oyunu” tamaşası təqdim ediləcək. Səbuhi Əhmədov isə M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasına quruluş verəcək.

Polşa yazıçısı Yan Saloviçin “Müəmmalı dilənçi” komediyası və Ağalar İdrisoğlunun “Qonaq” pyesi də ağdamlı teatrsevərlərin ixtiyarına veriləcək. Hər iki əsər N.Cəfərovun quruluşunda təqdim olunacaq.

* * *

Qusar Dövlət Ləzgi Dram Teatrının builki repertuarı da zəngindir. Ə.Əmirlinin “Səhnədə məhəbbət” (rejissor B.Əhmədov), Rafiq Rəhimlinin “Sönmüş talelər” (rejissor L.Hüseynova), Əsədulla Novruzbəyovun “Peşəkar ər” (quruluş müəllifi B.Əhmədov) və Rober Tomenin “Səkkiz qadın” əsərləri bu teatrın səhnəsində fərqli yozumunu tapacaq. Balacalar isə Xanımana Əlibəylinin “Dovşanın ad günü”nü  izləyəcəklər.

* * *

Qax Dövlət Kukla Teatrında da maraqlı səhnə əsərləri nümayiş olunacaq. Balaca teatrsevərlər “Qoğal” (Osman Abdullayev), “Mauqli” (Redyard Kiplinq), “Karlson” (Astrid Lindqren) və “Günəş və qar adamlar” (Rumın xalq nağılı) tamaşaları ilə sevinəcəklər.

Həmidə NİZAMİQIZI