Xalqımızın dünyagörüşündə Novruz bayramının xüsusi yeri var. Min illərin nəfəsini, ruhunu özündə yaşadan bu bayram hər il xüsusi təntənə ilə qeyd edilir. Novruz ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbəti ifadə edən böyük el bayramıdır. İncəsənətdə və ədəbiyyatda Novruzla bağlı müxtəlif nümunələr yaradılmışdır.

Orta əsrlərdən üzübəri bir çox bədii nümunələrdə bu bayram bütövlükdə əks olunmasa da, bəzi simvolları, mərasimlərdən müxtəlif elementlər ədəbiyyatın, sənətin mövzusunu zənginləşdirib. Novruz rəsmlərdə, şeirlərdə, mahnılarda müxtəlif yöndən təsvir və tərənnüm edilib.
Azərbaycan kino sənətində də Novruz mövzusuna bu və ya digər səviyyədə müraciət olunub. Ayrı-ayrı filmlərdə bu bayramla əlaqədar nüanslara toxunulub. Amma bu filmlərin sayının azlığı onu sübut edir ki, biz milli bayramımızın bədii ekran təcəssümünə lazımi qədər nail ola bilməmişik. Bu məsələ ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.
Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin sözlərinə görə, bir sıra filmlərimizdə Novruzla bağlı epizodlara rast gəlmək olar: “Yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı “Dəli Kür” filmində Novruz bayramı ilə bağlı kadrlar var. Filmdə cavanların müəllimlərinə bayram payı gətirməsi, yumurta döyüşdürmə, uşaqların müxtəlif Novruz adətləri ilə bağlı oyunları, bacadan şal atmaları əksini tapıb. Rejissoru Xalq artisti Tofiq Tağızadə, ssenari müəllifi Yusif Səmədoğlu olan “Yeddi oğul istərəm” filmində də Novruzla bağlı epizodlar yer alıb. Kosa və keçəlin oyun nümayiş etdirməsi, yeddi oğuldan birinin əlində səməni gəlməsi, camaatın bayrama hazırlaşması və s. burada öz əksini tapıb. Digər film isə rejissor Fikrət Əliyevin İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında çəkdiyi “Qızıl uçurum” filmidir ki, burada da Novruzla bağlı epizod təsvir olunub”.
Filmlərində milli adət-ənənələrə geniş yer verən kinorejissor, Əməkdar incəsənət xadimi Fikrət Əliyev bildirdi ki, filmi çəkən insanın əqidəsi, mənəviyyatı və daxili dünyası necədirsə, bu onun filmlərində mütləq özünü büruzə verməlidir: “Bəlkə də bu səbəbdən çəkdiyim filmlərdə Novruz və digər adətlərimiz öz əksini tapıb”.
“Azanfilm” kinostudiyasının baş direktoru, rejissor Fariz Əhmədovun da mövzu ilə bağlı fikriləri maraqlı oldu. Onun sözlərinə görə, kino həyatın ekrana köçürülmüş variantı olduğu üçün həyatda qarşılaşdığımız hadisələrlə ekranda da qarşılaşmaq mümkündür. Filmlərimizdə həyat tərzimizdə önəmli yer tutan, adət-ənənəmizi əks etdirən Novruz motivlərinə rast gəlmək mümkündür. Müasir filmlərdən isə Asif Rüstəmovun “Ev” qısametrajlı filmində Novruzun səməni becərmək, tonqal yandırmaq və s. atributları ekran əsərinin ideya həllində sətiraltı yozumlarla özünəməxsus süjet xətti əmələ gətirib.
Sənədli və televiziya filmlərimizdə də Novruz rituallarının əks olunduğu çoxsaylı nümunələrə rast gəlmək olar. “Yaddaş”, “Salnamə”, “Buta” və digər studiyalarda bu günə kimi Novruzla bağlı bir çox sənədli filmlər lentə alınıb, xalqın bu qədim el bayramının mahiyyəti, ideyalar aləminə işıq tutulub.
Novruz Şərq xalqlarının özünəməxsusluqlarından biri kimi digər xalqların və nüfuzlu beynəlxalq təşkilatlarından da diqqət mərkəzindədir. Məhz mütərəqqi ideyalarına görə 2009-cu ildə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, martın 21-i Beynəlxalq Novruz Günü kimi təsdiq olunub. Bu bayram dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz tərəfindən yüksək təntənə ilə qeyd edilir, tanıdılır. Novruz bayramının mükəmməl ekran həlli aktuallığını qoruyub saxlamaqdadır. Milli və bəşəri dəyərlərin kompleks şəkildə birləşdiyi bu bayram baxımlı bədii filmlərin yaranması üçün mühüm mənbədir.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar