Prezident İlham Əliyev muzeyin zəngin ekspozisiyası ilə tanış olub
Fevralın 13-də Beyləqan rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayonda infrastruktur, sosial, mədəniyyət obyektlərinin açılışına qatılıb, N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub, rayon sakinləri ilə görüşüb.
Dövlət başçısı əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
Məlumat verilib ki, mədəniyyət ocağı 1981-ci ildə yaradılıb. Muzeyin əvvəlki binası uzun illər istismar olunduğundan fiziki aşınmaya məruz qalmışdı. Bundan başqa, muzeyin ekspozisiyası SSRİ dövrünün tərtibatı əsasında qurulmuşdu. Ötən il yenidən inşa edilən ikimərtəbəli binanın ümumi sahəsi 1050 kvadratmetrdir. Muzeydə ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, 60 yerlik konfrans, 12 yerlik dəyirmi masa zalları, texniki otaq var. Muzeydə həm ölkəmizin, həm də Beyləqanın tarixini əks etdirən eksponatlar toplanıb. Bu eksponatlar rayona gələn qonaqlarda da maraq doğuracaq, onların ölkəmizin tarixi ilə daha yaxından tanış olmalarına imkan yaradacaq.
Bildirilib ki, muzeydə 6 mindən çox eksponat var. Ən qədim eksponat Son Tunc, İlk Dəmir dövrü və eramızdan əvvəl X-VII əsrlərə aiddir. Ekspozisiya zalında Beyləqanın qədim dövrdən bu günə qədər olan siyasi və ictimai tarixi, maddi mədəniyyət nümunələri, mədəni-iqtisadi həyatı, ümummilli lider Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin Beyləqan rayonuna səfərlərini əks etdirən fotolar və məlumatlar nümayiş etdirilir.
Tarixi-mədəni irsimizin təbliği, gələcək nəsillərə çatdırılması baxımından belə muzeylərin müstəsna əhəmiyyəti var. Bu muzeylər həm də Azərbaycan tarixinin zənginliyini nümayiş etdirir. Bu baxımdan son dövrlərdə Azərbaycanda yeni muzeylərin inşası, mövcud muzeylərin yenidən qurulması işi geniş vüsət alıb. Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı şəkildə yenidən qurulması da buna nümunədir.
* * *
Sonra Prezident İlham Əliyev muzeyin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib.
Sakinlər dövlət başçısına xalqın sosial rifahının yaxşılaşdırılması, regionların inkişafı sahəsində həyata keçirilən siyasətə, o cümlədən Beyləqan rayonunda reallaşdırılan layihələrə, görülən işlərə görə minnətdarlıqlarını bildiriblər.
“Vətəndaşlarla bir yerdə olmağınız, onlara arxalanmağınız, onlarla təmasda olmağınız, özünüzün dediyiniz kimi, onların arzu və təkliflərinə, istəklərinə vaxtında cavab verməyiniz bizi sevindirir”, – deyə sakinlərdən biri bildirib.
Prezident vurğulayıb ki, mən verdiyim sözlərə həmişə əməl etmişəm. Dövlət başçısı Beyləqan rayonuna altıncı dəfə gəldiyini və hər bir səfərin yeni müəssisə və obyektlərin açılışı ilə yadda qaldığını diqqətə çatdırıb: “Bu gün də belədir. Misal üçün bu gün böyük idman mərkəzinin açılışını etdik. Yeni yarımstansiya işə düşür, yeni yolun açılışını etdik. Beyləqan rayonunun ümumi inkişafı ilə bağlı ardıcıl tədbirlər görülür. Qazlaşdırma bir müddətdən sonra 100 faizə çatacaq, indi 97 faizdir. Şəhərin içməli su layihəsi icra olunub. Beyləqanda 3 aqropark fəaliyyət göstərir və orada məhsuldarlıq yaxşıdır, pambıqçılığın ənənələri bərpa olunur. Məşğulluqla bağlı da göstəriş vermişəm, yüzlərlə yeni ödənişli ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar ictimai işlərlə məşğul olsunlar”.
Rayonun inkişafı üçün əlavə nə kimi tədbirlərin görülməsi barədə sakinlərin fikirlərini dinləyən ölkə başçısı Dünyamalılar kəndində yeni məktəbin tikilməsi, yeni kənd yollarının salınması və digər layihələrin həyata keçiriləcəyini deyib, ayrı-ayrı vətəndaşların sosial qayğıları ilə bağlı xahişlərinin həlli üçün tapşırıqlar verib.
Beyləqan rayon Mədəniyyət Mərkəzində işləyən gənc ölkəmizin inkişafı naminə görülən işlərə görə Prezidentə minnətdarlığını bildirib. Gənc müğənni vaxtilə böyük sənətkar Rəşid Behbudovun ifasında səslənərək dillər əzbəri olmuş “Azərbaycanım” mahnısından (musiqisi Rauf Hacıyevin, sözləri Ənvər Əlibəylinindir – red.) bir parçanı oxuyub.
El bilir ki, tükənməyən sərvətin vardır,
Sinən üstü ağ pambıqlı gen tarlalardır,
Buruqların göy Xəzərdə qatar-qatardır,
Yurdum, yuvam məskənimsən, Azərbaycanım,
Anam doğma vətənimsən, Azərbaycanım.
Prezidentin bu məşhur mahnının nəqəratını gənclə birlikdə oxuması sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sonra Prezident İlham Əliyev parkda yaradılan şəraitlə tanış olub.