Azərbaycanla Rusiya arasında mədəniyyət və incəsənət sahələrində xalq diplomatiyasının təşviqi, multikultural dialoqun möhkəmləndirilməsi məqsədilə fevralın 13-də Rusiya Dövlət Dumasında dəyirmi masa keçirilib.
“Rusiya ilə Azərbaycan arasında mədəniyyət körpüləri mədəniyyətlərarası dialoqun əsasıdır” mövzulu tədbir Rusiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu tərəfindən təşkil olunub.
Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və xaricdə yaşayan həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov çıxış edərək bildirib ki, humanitar sahədə əlaqələr digər sahələrdə, o cümlədən iqtisadi və siyasi sahələrdə əməkdaşlıqdan heç də az əhəmiyyət kəsb etmir. “Azərbaycanda, həqiqətən, rus dilinin qorunub saxlanması üçün çox iş görülür, bu baxımdan Azərbaycan nümunə gətirilməli və bu barədə Rusiya KİV-ləri də informasiyalar yaymalıdırlar”, - deyə L.Kalaşnikov vurğulayıb. Qeyd edib ki, dəyirmi masada irəli sürüləcək təklif və rəylər Dövlət Dumasının komitə iclaslarında müzakirə olunacaq və nəzərə alınacaq.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini deyib. Səfir dəyirmi masanın iştirakçılarına uğurlar arzulayıb və belə görüşlərin ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qalxmasında rolunu diqqətə çatdırıb.
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədri Dmitri Savelyev mədəni əməkdaşlığın xalqlarımız arasında əlaqələrin inkişafında əhəmiyyətindən danışaraq bildirib ki, sivilizasiyaların qovşağında yerləşən Azərbaycan hər zaman əməkdaşlıq və qarşılıqlı anlaşma müstəvisi olub. O deyib: “Nizami, Nəsimi poeziyası bütün dünyada tanınır, dünyanın bir çox ölkələrində Azərbaycan incəsənəti sevilir və dəyərləndirilir”.
D.Savelyev Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrindən söhbət açaraq deyib: “Bakının mərkəzində erməni kilsəsi var. Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olmasına baxmayaraq, bu kilsə dövlət tərəfindən bərpa olunub və qorunur. Yalnız güclü, bütün dünyaya həqiqi multikulturalizm ixrac edən bir dövlət belə edə bilər”.
Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun həmsədri Əli Hüseynli qeyd edib ki, bu gün iki ölkənin xalqları həm də mədəniyyət xadimlərinin səyləri sayəsində daha çox yaxınlaşır. Milli Məclisin deputatı birgə tədbirlərin, o cümlədən Bakı Beynəlxalq Humanitar Forumunun da əhəmiyyətini vurğulayıb.
Dəyirmi masada Dövlət Duması Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Oksana Puşkina, Rusiya MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Eleonora Mitrofanova, moda tarixçisi Aleksandr Vasilyev, Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin sektor müdiri Yaşar Hüseynli, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Sevda Sadıxbəyli, Bakı Slavyan Universitetinin professoru Zemfira Rüstəmova və başqaları çıxış ediblər.
Yaşar Hüseynli “Azərbaycan Respublikasında mədəniyyətlərarası dialoq” mövzusunda təqdimat keçirərək bu sahədə aparılan dövlət mədəniyyət siyasəti haqqında danışıb. Bildirib ki, ölkəmizin qədim mədəniyyətlərarası ənənələri müasir Azərbaycanı qlobal səviyyədə multikulturalizm mərkəzinə çevirib. Bunun bariz nümunələri olan Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” haqqında tədbir iştirakçılarına məlumat verilib. Ölkəmizdə azsaylı xalqların folklor ənənələrinə həsr edilmiş ənənəvi “Azərbaycan – doğma diyar” ümumrespublika festivalının keçirildiyi qeyd olunub. Təqdimatda Azərbaycanın Ermənistanın işğalı altında olan ərazisində həyata keçirilən vandalizm, ölkəmizin mədəni irsinə vurulan ziyanı əks etdirən fotoşəkillər də nümayiş olunub, faktlar diqqətə çatdırılıb.