Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Kürdəmir rayon Mərkəzi kitabxanasında “Zəfər tariximizin Aprel səhifəsi” adlı tədbir keçirildi. Anım tədbiri 2016-cı ilin Aprel döyüşləri zamanı Mİ-24 helikopterində şəhid olan baş leytenant Əbubəkr İsmayılovun doğum gününə həsr olunmuşdu.
Əvvəlcə qəhrəman şəhidin xatirə lövhəsinin qarşısına gül dəstələri düzüldü. Azərbaycanın istiqlalı və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xəyyam Məlikov Aprel döyüşləri haqqında məlumat verdi. Qeyd etdi ki, dörd gün davam edən döyüşlərdə işğalçı Ermənistan qoşunlarının təxribatına cavab olaraq ordumuzun hissələri düşmənə sarsıdıcı zərbə vurub. Tərtər, Cəbrayıl, Goranboy rayonlarında daha öncə düşmənin nəzarət etdiyi strateji yüksəkliklər ordumuzun nəzarətinə keçib.
Bildirildi ki, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Əbubəkr İsmayılov 1990-cı il fevral ayının 10-da Kürdəmir şəhərində anadan olub. 2008-ci ildə C.Naxçıvanski adına Hərbi liseyi bitirərək Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub. Təhsilini uğurla başa vurduqdan sonra hərbi xidmətə başlayıb... 2016-cı il aprelin ilk günlərində gedən döyüşlər zamanı düşmən tərəfindən vurulan Mi-24 helikopterində olan Ə.İsmayılov, Təbriz Musazadə və Urfan Vəlizadə şəhid olublar. Hər üç qəhrəman döyüşçü Prezident İlham Əliyevin sərəncamı ilə ölümlərindən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova çıxışında ulu öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. Bildirdi ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Məryəm ƏLİYEVA
Kürdəmir rayon MKS-nin baş biblioqrafı