...Gənclər kitabxanasının əməkdaşları isə Teatr muzeyində

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli 11 illik İncəsənət məktəbi görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə onun ev-muzeyində tədbir keçirib.

Əvvəlcə muzeyin əməkdaşı şagirdləri ev-muzeyi ilə tanış edərək bəstəkarın həyatı və zəngin yaradıcılığı haqqında məlumat verib.

Muzeyin direktoru, bəstəkarın qızı Züleyxa Qarayeva və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın tərtib etdiyi maraqlı viktorinada məktəbin şagirdləri fəal iştirak edərək dahi bəstəkarın musiqi fəaliyyəti ilə bağlı suallara cavab veriblər.

Sonra şagirdlərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

 

* * *

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının bir qrup əməkdaşı Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində olub.

Muzeyin direktoru Sevinc Mikayılova mədəniyyət ocağının yaranma tarixi, ekspozisiyası, zalları, nadir eksponatları haqqında məlumat verib.

Muzeyin əməkdaşları Azərbaycan teatrının inkişafında rolu olan ədəbiyyat xadimlərinin bu sahədə xüsusi rolunu nümayiş etdirən eksponatları təqdim etməklə yanaşı, kitabxana əməkdaşlarının suallarını da cavablandırıblar. Görkəmli dramaturq Cəfər Cabbarlıya həsr olunmuş guşə maraqla qarşılanıb.