Martın 7-də Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə olaraq “Heksameron” əsəri altı ölkə pianoçularının birgə ifasında təqdim ediləcək. Əsəri Azərbaycandan Xalq artisti Murad Hüseynov, ABŞ-dan Nikolas Rot, Almaniyadan Katarina Troytler, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov və Yaponiyadan Atsuşi İmada eyni zamanda altı royalda səsləndirəcəklər.
Tanınmış pianoçuları konsertdə Fuad İbrahimovun dirijorluğu ilə simfonik orkestr müşayiət edəcək. Proqrama həmçinin pianoçuların solo və orkestrlə çıxışları da daxildir.
Qeyd edək ki, “Heksameron” fortepiano üçün birgə kompozisiyadır. O, italyan bəstəkarı Vinçentso Bellininin “Puritanlar” operasından “Puritan marşı” mövzusunda altı variasiyadan ibarətdir. Mürəkkəb tərkib hissələrini özündə birləşdirən bu əsər dünyada nadir hallarda ifa olunur. Əsərin adı kainatın 6 günə yaradılmasını simvolizə edir və strukturu, altı bəstəkarın həmmüəlliflik konsepsiyası da bununla bağlıdır.
Görkəmli macar bəstəkarı və pianoçusu Ferens List 1837-ci ildə beş həmkarı ilə birgə “Puritanlar” operasından “Puritan marşı” mövzusunda variasiyalar işləyib. Ferens List giriş, bir variasiya, keçid elementləri və finalı bəstələyib, həmçinin bütün pyesləri vahid bədii əsər kimi birləşdirib. Digər variasiyaların müəllifləri tanınmış bəstəkar-ifaçılar Frederik Şopen, Karl Çerni, Anri Herts, İohan Peter Piksis və Sigizmund Talberq olub.
Əsər ilk dəfə 1837-ci il martın 31-də Parisdə xeyriyyə konsertində ifa olunub. Ferens List daha sonra onu fortepiano və orkestr üçün işləyib.