Xocalı haqqında sənədli filmin təqdimatı və sərgi keçiriləcək
İstiqlal Muzeyinin təşkilatçılığı ilə fevralın 22-də Muzey Mərkəzinin konfrans zalında Xocalı soyqırımına həsr edilmiş “Cəzasız cinayət” adlı sənədli filmin təqdimatı və eyniadlı sərginin açılışı olacaq.
Bakı Dövlət Universitetinin əməkdaşı Leyla Rəşidin ssenari müəllifi və rejissoru olduğu sənədli film 2018-ci ildə Ankarada Beynəlxalq Xocalı simpoziumunda nümayiş olunub. Ekran əsərində Xocalı soyqırımı 200 ildən bəri erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri terror və qırğın siyasətinin yeni tarixi mərhələsi kimi təqdim edilir.
Sərgidə Azərbaycanın tanınmış rəssam və heykəltəraşları – Xanlar Əhmədov, Vaqif Ucatay, Nazim Məmmədov, Sahib Quliyev, Vüqar Quliyev, İslam Abdullayev, Rahib Qarayev, Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov, Nəriman Tağıyev və Ləman Məmmədovanın Xocalı soyqırımına həsr edilmiş əl işləri nümayiş etdiriləcək.