Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert fevralın 18-də gerçəkləşdi.
Konsertdən əvvəl çıxış edən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru, Xalq artisti Ağaverdi Paşayev musiqi gecəsi haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılan Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestrində 50-yə yaxın musiqi təhsili alan ifaçı var: “Bugünkü konsertdə orkestrin üzvlərinin solo ifaları təqdim ediləcək. Onların hər biri respublika və beynəlxalq müsabiqələr laureatlarıdır. Çox sevinirəm ki, bizim belə istedadlı gənclərimiz var və onlar bu gün Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə çıxış edəcəklər”.
Proqramda ilk olaraq səhnəyə çıxan respublika və beynəlxalq müsabiqələr laureatı Ataxan Əliağayev (klarnet) Üzeyir Hacıbəylinin “Sevgili canan” romansını səsləndirdi və tamaşaçılar tərəfindən alqışlandı.
Proqrama Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərləri daxil edilmişdi.
Bir-birini əvəz edən solo ifalar – Kənan Hüseynov, Fidan Zamanzadə, Behrad Bünyadzadə, Nərgiz Şabanova, Emil Abuzərov, İsmayıl Məmmədov, Asim Pirimov, Bağır Babayev, İsmayıl Əsədlinin çıxışları da eyni hərarətlə qarşılandı. Konsert F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı xorunun müşayiəti, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin xormeysterliyi, respublika və beynəlxalq müsabiqələr laureatı Atlas Mehdiyevanın solo ifası ilə yekunlaşdı.
LALƏ