Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Ustad aşıq, Əməkdar mədəniyyət işçisi Səyyad Pənahov 2019-cu il fevralın 16-da dünyasını dəyişib.
Səyyad Məşədi oğlu Pənahov 1945-ci il iyulun 28-də Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. 1961-ci ildə orta məktəbi bitirib.
Aşıq sənətinə kiçik yaşlarından böyük həvəs göstərib, ustadı aşıq Hüseyn olub. Erkən yaşlarından istedadı, şirin avazı və zil səsi ilə tanınıb. 1957-ci ildə keçirilən Ümumittifaq Uşaq və Gənclər Festivalında uğurlu çıxışına görə medalla təltif olunub.
Sənətdə qazandığı uğurlarla yanaşı, təhsilini də davam etdirib. 1969-cu ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-maarif fakültəsinə daxil olub, 1974-cü ildə bu ali təhsil ocağını bitirib.
Aşıq Səyyad Azərbaycan aşıqlarının III, IV, V və VI qurultaylarında iştirak edib, Azərbaycan Aşıqlar Birliyinin üzvü olub.
Gədəbəy aşıqlar ansamblının ən fəal üzvlərindən olan Səyyad Pənahov respublikamızda keçirilən mədəni-kütləvi tədbirlərdə, beynəlxalq aşıq festivallarında həmişə fəal iştirak edib. Dəfələrlə Türkiyədə, İranda, Rusiyanın şəhərlərində Azərbaycan mədəniyyətini layiqincə təmsil edib, bənzərsiz ifası ilə könülləri oxşayıb, hər yerdə tamaşaçı rəğbəti qazanıb. Aşıq Ələsgərin 1972-ci ildə Moskvada keçirilən 150 illik yubiley tədbirində çıxış edənlər arasında aşıq Səyyad da olub.
Bütün aşıq havalarını özünəməxsus ustalıqla ifa edən, bənzərsiz zil səsi ilə Koroğlu aşığı kimi tanınan Səyyad Pənahov həm də dastanlarımızın mahir bilicisi idi. Ustadın çox qiymətli lent yazıları bu gün Azərbaycan Televiziya və Radiosunun “qızıl fond”unda saxlanılır.
Xalqın məhəbbətini qazanan, hər yerdə hörmət və ehtiramla qarşılanan aşıq Səyyad Pənahovun sənətdə xidmətləri dövlət tərəfindən də layiqincə qiymətləndirilib, Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Ustad aşıq, Əməkdar mədəniyyət işçisi Səyyad Pənahovun əziz xatirəsi doğmalarının və yaxınlarının, sənət dostlarının və bütün sənətsevərlərin qəlbində yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Aşıqlar Birliyi